Türkiyə-Azərbaycan Universitetinin yaradılması təkcə təhsil məsələsi deyil- ÖZƏL
23 Fevral 2024 13:04 Siyasət"Azərbaycanla Türkiyə arasında təhsillə bağlı imzalanan anlaşmaya gələcəyə yönəlmiş təşəbbüsdür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, eyni zamanda birliyimizin növbəti rəmzi kimi dəyərləndirilir". "Olaylar" xəbər verir ki, bu nu deyən YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın sözlərinə görə, bu gün Azərbaycanla Türkiyə bütün sahələrdə birgə addımlayır: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında Azərbaycanla bağlı öz əksini tapmış mühüm açıqlamalar da bunu bir daha təsdiq edir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara qardaş Türkiyənin etirazı güclü təsirə malikdir. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyini və bu istiqamətdəki səylərimizi davam etdirəcək Türkiyə hər zaman birlikdə olduğumuzu əyani şəkildə göstərir. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının Ümummilli Lider Heydər Əliyevin vurğuladığı "Bir millət, iki dövlət" şüarı əsasında irəlilədiyinin bariz nümunəsidir".