Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmur- ÖZƏL
23 Fevral 2024 13:00 Siyasət"2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşının ilk saatlarından qardaş Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu. Sözsüz ki, Azərbaycan xalqı Türkiyənin bu misilsiz qardaşlıq dəstəyini heç vaxt unutmur". "Olaylar" xəbər verir ki, bu nu deyən YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynovanın sözlərinə görə, iki qardaş ölkə Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdədir və bir nöqtəyə vurur: "Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Prezident İlham Əliyev çox hörmətli Rəcəb Tayyib Ərdoğanla Azərbaycan və Türkiyənin bütün məsələlərdə birlikdə addım atmasının digərləri üçün də açıq mesaj olduğunu vurğulayıb. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bu faktı vurğuladığını bildirib. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd edilib. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısının Şuşa şəhərində keçiriləcəyini açıqlaması isə olduqca mühüm tarixi hadisə hesab olunur".