Papağı boş qalan təkcə Paşinyan deyil, başı da yiyəsiz qalan Ermənistan olacaq-Şəbnəm Həsənova- ÖZƏL

"Qonşu dövlətlərə qarşı ərazi iddiaları yer alan ana maddələr toplumu "demokratik, sülhpərvər" obrazıma uyğun sülh üzərində formalaşdırım" fikri ilə deyil, "Ölkəyə Rusiyadan başqa yeni hərbi tərəfdaş lazımdır" fikri ilə yola çıxan Ermənistan ovçu, Fransa da ov axtarışındadır. Rusiyadan uzaqlaşan Ermənistan rəhbərliyi Azərbaycanla qarşıdurmada kömək edəcəyinə inanaraq, silah alışı yolu ilə Parisə yaxınlaşmağa ümid edir, lakin bu, boş ümidlərdir. Ermənistana sırıdılan fransızların silahlarının keyfiyyəti haqqında Müzəffər Ali Baş Komandan İlham Əliyevin fikirləri də, reallıq da hər bir tərəfə yaxşı məlumdur. Bir sözlə, Ermənistan Rusiyadan getdikcə daha çox uzaqlaşmaqla Qərbə pənahını davam etdirir, Azərbaycanla ziddiyyətləri daha da kəskinləşdirir ki, bu da Cənubi Qafqazda yeni hərbi münaqişəyə səbəb ola, hətta xaos zonası da yarada bilər. Ermənistanın müdafiə əlaqələrinin 97% Rusiya ilə bağlı olduğunu, sonra isə bunun obyektiv və subyektiv səbəblərə görə davam edə bilməyəcini deyən Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan heç kimə sirr deyil ki, bu gün Paris və Dehlini İrəvanın hərbi sahədə əsas tərəfdaşları hesab edir. 
Regionumuzda başına hansı geyim növünü qoymasından asılı olmayaraq guya Paşinyandan başqa başında aksessuar olmadığı xəyallarına dalan Makron Paşinyanın "şəxsi cəsarətini və qətiyyətini"  ön plana çıxardır. Elə buna görədir ki, "telinə" su belə dəyməməsi üçün ikiqat müdafiə məqsədilə çətirinin üstünə çətir də tutur. Qərb Paşinyandan yeni Transqafqazlı qurban düzətməklə, Ermənistanı da müqəddəs qurban olmağa hazırlayır. Belə getsə sadəcə papağı boş qalan təkcə Paşinyan deyil, başı da yiyəsiz qalan Ermənistan olacaq.
Makron yaxşı bilir ki, ermənilərə Qarabağdan çıxmaq göstərişini kim verdi. İndi bu məsələni bizə qarşı istifadə edəcəklərini zamanında aydın görürdük. Makron bir dəfə də doğma yurd-yuvalarından, isti ocaqlarından didərgin salınmış azərbaycanlıların hüquqlarından danışmadı. Hər bir tərəf Makronun İrəvana əlavə iqtisadi, humanitar və hərbi dəstək vədinin heç bir şəkildə "eskalasiyaya səbəb olmamaq" niyyəti ilə verilmədiyini gözəl bilir.
Makron bildirirsə ki, Qarabağ erməniləri maneəsiz öz evlərinə qayıtmaq hüququnu almalıdırlar, onu da səsləndirməlidir ki, Azərbaycan da Naxçıvanla maneəsiz, birbaşa əlaqə qurmalıdır. Fransa isə kommunikasiyalar məsələsinə nəinki Cənubi Qafqazda, Mərkəzi Asiyada da öz maraqları prizmasından yanaşır. Sülhə xidmət edən məsələ Makronun Paşinyanla görüşdə bildirdiyi "proporsional ölüm" düsturu deyil. Bir sözlə, Makronun səsləndirdiyi fikirlər Ermənistana dəstək, Azərbaycana təzyiq, regiona müdaxilə mexanizmi üzərində, onu qan gölünə çevirmək istiqamətində qurulmuşdu. Makron özlərini sülhpərvər, ədaləti bərqərar edən, Azərbaycanı isə bu müsbət trayektoriyanı pozan, ipə-sapa yatmayan tərəf kimi göstərməyə çalışır.
Hətta ən pis və ən yaxşı ssenaridə qalib və məğlub olmasa belə, reallıq budur ki, ortada məhv olan bir dövlət və xalq var. Ukrayna dövlətini və xalqını bəladan-bəlaya sürükləyən Qərb dairərləri indi də Ermənistanın qismində Cənubi Qafqazı yeni qurbanlarına çevirmək istəyirlər. Ən yaxşı halda kənardan müşahidəçi olmalarını otuz il görmüşük, bu isə bizə artıqlaması ilə bəs edib. Cənab Prezident İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, Ermənistanı silahlandırma cəhdlərinin məqsədi bizi daim təzyiq altında saxlamaq, bundan sonra da rahat yaşamağa qoymamaq üçün olan səylərdir.
Əvvəldəki ov və ovçu məsələsinə döndükdə isə yaxşı məsəl var: "Ya ov ol, ya da ovçu! Lakin əsla ovu ovçuya aparan köpək olma!" Dövlət başçımızın bildirdiyi kimi bu, ənənəvi mənbələrdən gələn mənfi münasibətdir. Odur ki, zatı söyüd olandan bar gözləmək olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31