Prezident İlham Əliyevin şəxsinə qlobal səviyyədə böyük maraq var - ÖZƏL
22 Fevral 2024 17:10 Siyasət"Prezident İlham Əliyevin şəxsinə qlobal səviyyədə böyük maraq var. Bu, həm onun bir lider kimi şəxsi keyfiyyətləri ilə bağlıdır, həm də Azərbaycan dövlətinin nüfuzunun, imkanlarının, mövqeyinin getdikcə güclənməsi ilə bağlıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan nəinki Güney Qafqazda, eyni zamanda, bütövlükdə bizim coğrafiyamızda ən gərəkli dövlətlərdən birinə çevrilib. Yəni Güney Qafqaz məsələləri, hətta bir sıra məqamlarda Yaxın Şərq məsələləri, eləcə də Orta Asiya məsələləri Azərbaycanla həll edilir. Yəni Azərbaycanla Azərbaycanın üzərindən keçməklə həll edilir. Azərbaycan bu bölgədə kilit ölkə roluna malikdir. Ona görə də istər böyük biznes sahibləri, istərsə də ayrı-ayrı dövlətlərin rəhbər şəxsləri prezident İlham Əliyevlə görüşə can atırlar.
Qeyd olunduğu kimi, Münhen Təhlükəsizlik Konfransında şəxsən özüm bunu yaxından izlədim, həqiqətən də cənab prezidentin bu qədər intensivliklə görüşlər keçirməsi diqqətimizdən yayınmadı və bütün görüşlərdə diqqətimizi cəlb edən bir məqam vardı. Həmin görüşlərin hamısı qarşı tərəfin istəyi ilə olurdu. Yəni prezidentin özünün kiminləsə görüş xahiş etdiyi, istədiyi haqqında heç bir məlumat yoxdur. Bütün görüşlərdə qarşı tərəflər ondan görüşməyi xahiş ediblər. Bu bir daha onun şəxsinə və onun şəxsində Azərbaycan dövlətinə olan marağı göstərir.
Vətəndaş olaraq da belə bir durum, əlbəttə ki, şəxsən məni çox sevindirir və çox sevinirəm ki, dövlətimiz, onun rəhbəri məhz bu qədər arzuolunan bir məqama yüksələ bilib".