Belə şəraitdə Azərbaycanın guya təcrid vəziyyətinə salınması ilə bağlı fikirlərlə razılaşmaq mümkün deyil - ÖZƏL
22 Fevral 2024 16:09 Siyasət"Prezidentin Davosa və Münhen Təhlükəsizlik Konfransına dəvətlər alması və Münhendə çoxlu sayda görüşlər keçirməsi çox uzağa gedən nəticələrə çatmağa əsas verən hadisədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Bütün bu faktlar Azərbaycana və onun dövlət başçısına münasibətin göstəricisidir. Qısa müddət ərzində bu qədər görüşlərin keçirilməsi, təbii ki, kiçik hadisə deyil. Onlar Azərbaycana verilən dəyərin, qiymətin nəticəsidir. Eyni zamanda, bu dəvətlərin və saysız görüşlərin bir neçə hadisə ilə üst-üstə düşməsi bunların arxasında ciddi hadisələrin dayandığını göstərir.
Birinci növbədə, Azərbaycanın Vətən müharibəsində öz gücü ilə qalib gəlməsi, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, dünyada kimin öz maraqları baxımından xoşuna gəlib, gəlməməyindən asılı olmayaraq, Azərbaycanın gücünü nümayiş etdirdi və bu, təbii ki, dünyada, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin xeyli dərəcədə möhkəmlənməsinə və güclənməsinə səbəb oldu.
İkincisi, prezident seçkilərində Azərbaycanın tarixində hələ indiyə qədər görünməmiş kütləvi və mütəşəkkil seçici fəallığı özünü göstərdi. Bu da Azərbaycanın tarixində görünməmiş bir hadisə idi. Hər şeydən də qabaq Vətən müharibəsində qazanılmış qələbə dövründə olduğu kimi, müharibədən sonrakı 3 ilin ərzində də ictimaiyyətin, cəmiyyətin böyük hissəsinin dövlət başçısının siyasətinin yanında olduğunu ifadə etdi. Bu təbii ki, Azərbaycanın dünyada yeni bir güc göstəricisidir və xaricdən baxanlar da, o cümlədən, Davos və Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları da bu reallıqları görürlər. Azərbaycanda seçkilərin nəticələrinə cəmiyyətin böyük dəstəyi onlar üçün çox ciddi bir faktordur və hər iki konfransda Azərbaycana göstərilən münasibət həm də bununla bağlıdır.
Bəziləri belə fikir yürüdürlər ki, bu seçkilərdən sonra, ümumiyyətlə, son illərdə Azərbaycanın Qərb ölkələri ilə, Avropa strukturları ilə münasibətləri zəifləyib və yaxud da ki, hətta irəli gedərək Azərbaycanın Qərbdən müəyyən qədər uzaqlaşmaq və məsafə saxlamaq istədiyi barədə nəticə çıxarmaq istəyənlər də var. Hətta Ermənistan kimi düşmən ölkələr belə fikir yürüdürlər ki, guya müəyyən hadisələrdən, yəni Qarabağ münaqişəsinin, probleminin, müharibə yolu ilə tam şəkildə həllindən və ermənilərin Qarabağdan könüllü şəkildə köçüb getməyindən sonra dünyanın Azərbaycana münasibəti dəyişib və guya Azərbaycanı dünya təcrid vəziyyətinə salıb. Amma təkcə elə Davosa, Münhenə dəvət, saysız görüşlərin keçirilməsi sübut elədi ki, Azərbaycanı dünyada və Avropada nəinki təcrid vəziyyətinə salmayıblar, əksinə, Azərbaycana maraq daha da artıb. Azərbaycanın Avrasiya xətti boyunca infrastruktur layihələrinin önəminə, enerji daşıyıcılarının əhəmiyyətinə dünyada daha böyük qiymət verməyə başlayıblar. Elə bu günlərdə Davosda Amerikanın üç böyük yüksək rəsmisi ilə Azərbaycan prezidentinin görüşməsi bu konfransın arxasınca Amerikada, Avro-Atlantika Şurasının Qlobal Enerji Mərkəzində, dünya siyasətində Azərbaycanın rolu ilə bağlı tədbirin keçirilməsi, Azərbaycanın nazirinin ora dəvət olunması, əlbəttə, bu, bizim ölkəmizə artmaqda olan maraqdan xəbər verir. Belə şəraitdə biz Azərbaycanın guya təcrid vəziyyətinə salınması ilə bağlı fikirlərlə nəinki razılaşmaq mümkün deyil, hətta düşmənlər üçün nə qədər ağır olsa da, bu mesajı vermək lazımdır ki, Azərbaycanın mövqeləri getdikcə güclənir".