Azərbaycan -Türkiyə əməkdaşlığı beynəlxalq sülhə və rifaha ciddi töhfə verir
23 Fevral 2024 10:42 SiyasətAzərbaycanla Türkiyə dövləti arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malik olsa da ölkmiz müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər daha da dərinləşməyə başlayıb. Birmənalı şəkildə qeyd edilməlidir ki, əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişlər. Hazırda da Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə və Şuşa Bəyannaməsi beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim birlikdədir. Məlumat üçün qeyd edim ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edəndən sonra, noyabrın 1-də ölkənin müstəqilliyinin tanınması ilə bağlı təklifini Türkiyəyə rəsmi olaraq çatdırmış və Türkiyə Respublikası Nazirlər Kabinetinin 1991-ci il noyabrın 9-da keçirilən iclasında Azərbaycan Respublikasının müstəqilliyinin tanınması haqqında qərar qəbul edilmişdi. Bununla da Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. 1992-ci ilin yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılmışdır. 1992-ci ilin fevral ayında Azərbaycan Respublikası və Türkiyə Respublikası xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında və iki dövlət arasında vizasız gediş-gəlişə dair məktub mübadiləsi haqqında sazişlər imzalanmışdır. Həmin dövrdə Azərbaycanın Türkiyədən ilk gözləntisi qarşılıqlı şəkildə səfirliklərin açılması və Azərbaycanın müstəqilliyinin digər dövlətlər tərəfindən tanınması üçün Türkiyənin yardımçı olmasından ibarət idi.
Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin ilk günlərindən Türkiyə Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun haqlı tələblərini ardıcıl müdafiə etmiş, respublikamızın ərazi bütövlüyünün və suveren hüquqlarının təmin olunması üçün böyük səylər göstərmişdir. Türkiyə 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından sonra Ermənistanla sərhədləri bağlayaraq ona qarşı sanksiya tətbiq edən yeganə region dövləti olmuş və eyni zamanda Azərbaycan Ordusunun güclənməsinə aktiv dəstək vermişdir. Elə 44 günlük Vətən müharibəsində də Türkiyə daim Azərbaycanın yanında olub, hərtərəfli dəstək verib. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə ölkəmizin yanımızda oldu.
Ümumilikdə 30 il ərzində iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi hər zaman davam etdirilib. Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etmişdir. Azərbaycan xalqı 2020-ci ildə Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının diplomatik və mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir.
Sadalanan azsaylı faktlar deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin prezident seçkilərindən sonra ilk səfərini qardaş Türkiyəyə etməsi təsadüfi deyil. Əslində bu addım ənənə xarakteri alıb və iki dövlət arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir. Başqa sözlə, fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi bir daha qardaşlıq nümunəsinin göstəricisidir. O da etiraf edilməlidir ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, eləcə də Avrasiya üçün önəmli faktora çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu fikri Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında söyləyib. Azərbaycan Prezidenti vurğulayıb ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı deyib: "Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək".
Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir. Tarix özü sübut edir ki, bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin birliyi əbədi və sarsılmazdır. Təsadüfi deyil ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olunub. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirib. Xüsusi qeyd edilməlidir ki, Azərbaycana qarşı beynəlxalq güclərin birləşdiyi bir şəraitdə iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Sonda onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin mövcud səviyyəsi təkcə bu iki qardaş dövlətin mənafeyinə xidmət etmir, həm də regional və beynəlxalq sülhə və rifaha ciddi töhfə verir.
Alim