Azərbaycan dünyanın qlobal problemlərinin həllinə öz töhvəsini verir
23 Fevral 2024 12:24 Siyasətİlham Əliyev dünya dövlətlərinin liderləri tərəfindən hörmət və ehtiramla qarşılanır
Dövlət başçısı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkəyə çevrilib. Bu gün Azərbaycan apardığı xarici siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mətbuata müsahibəsində demişdir: "Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik". Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. Elə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına qatılması də Azərbaycanın dünyada artan nüfuzuna birbaşa dəlalət edir. Xüsusən, dövlət başçısının səfər çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, həmin görüşlər zamanı verdiyi təklif və tövsiyyələr deməyə əsas verir ki, artıq Azərbaycan dünyanın qlobal problemlərinin həllinə öz töhvəsini verməkdədir. Bu isə ölkəmizin və xüsusilə dövlət başçısının beynəlxalq miqyasda aratan nüfuzundan xəbər verir. Məsələn, Prezident İlham Əliyev ilə ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrildiyini bir daha təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı.
Məhz bu kimi təşəbbüslərin müəllifi olan prezident İlham Əliyev dünya dövlətlərinin liderləri tərəfindən hörmət və ehtiramla qarşılanır. Bunu Azərbaycan prezidentinə görüş üçün dövlət və hökumət başçıları, beynəlxalq aparıcı maliyyə mərkəzləri, nüfuzlu təşkilatların çoxsaylı müraciətləri təsdiqləyir. Əslinda bu mövqe Azərbaycanın dünyadan getdikcə artan rolu və Prezidentin şəxsi nüfuzunun göstəricisi kimi qəbul olunmalıdır. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev 2 gün ərzində 24 görüş keçirib, daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmayıb. Buna baxmayaraq, Blinkin, Kerri, Hoxşteyn kimi 3 nüfuzlu amerikalı heyətlə, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya kansleri, Rokfeller Fondunun vitse-prezidenti ilə görüş Azərbaycan prezidentinə olan sayğının bariz nümunəsidir. Sadalanan görüşlər sırasında ABŞ nümayəndələri ilə görüş xüsusi əhəmiyət daşıyır. Xatırladaq ki, son vaxtlar ABŞ-Azərbaycan arasında ikitərəfli münasibətlərdə müəyyən tənəzzül özünü büruzə verirdi. Çox təəssüf ki, iki dövlət arasında münasibətlərin tənəzzülü kontestində işğalçı Ermənistanın rolu qabardılırdı. Lakin dövlət başçısı ikitərəfli görüşləri reallaşdırmaqla dünya dövlətlərinə mesaj verdi ki, Azərbaycanın digər ölkələrlə əlaqələrinin Azərbaycan-Ermənistan münasibətlərinə heç bir aidiyyəti yoxdur, ikitərəfli münasibətlərdə heç bir qeyd-şərt, digər ölkələrə istinad olmamalıdır. Məhz aparılan danışıqların nəticəsi olaraq energetika naziri Pərviz Şahbazov ABŞ-da ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri və Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələri müzakirə edib. Digər sahələrdə də münasibətlərin inkişafı o məntiqə gəlməyə əsas verir ki, artıq ABŞ da anlayır ki, ikitərəfli münasibətlərin qorunub saxlanması hansısa işğalçı dövlətə görə korlana bilməz.
Dövlət başçısının Münxenə səfəri həm də məqsədli şəkildə ölkəmiz barədə yayılmış şayələrin üstündən xətt çəkdi. Səfər çərçivəsində dövlət başçısının keçirdiyi görüşlər bir daha göstərdi ki, Azərbaycanla Qərb arasındakı münasibətlər heç də erməni təbliğat maşınının yaydığı kimi barışmaz mövqedə deyil. Başqa sözlə, hələ ki, körpülər tamamilə yandırlmayıb. Əksinə, Azərbaycanın Davos və Münxenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur. Lakin bu heç də o demək deyil ki, Azərbaycan Qərbin təzyiqləri qarşısında boyun əyub. Qətiyyətlə demək olar ki, Azərbaycan bundan sonra da öz dövlət və milli maraqlarından çıxış edərək balanslı siyasətini davam etdirəcək. Dövlət başçısı keçirdiyi görüşləri ilə dünyaya müsaj verdi ki, bu gün Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi yoxdur. Azərbaycanın qlobal dünya ilə münasibətləri artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb, bu problem birdəfəlik həll olunub və bundan sonra Azərbaycan qlobal müstəvidə daha aktiv rol oynayacaq. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan artıq "orta güc" ölkələri sırasındadır, o regional miqyasda yox, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir.
Alim