Avropada antiAzərbaycan qüvvələrin başında Fransa dayanır- ÖZƏL

"AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi  sənədin əsas mahiyyəti 7 fevralda ölkəmizdə keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, insan haqları  deyil, Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir". Bunu Olaylar-a açıqlamasında deputat İlham Məmmədov deyib. Onun sözlərinə görə, bir sözlə Avropanı narahat edən Azərbaycanın qələbəsidir: "Prezident İlham Əliyevin müstəqil siyasətini, onun liderliyi altında əldə edilən tarixi qələbələri, zəfərləri  Ermənistanı məğlubiyyətə uğradaraq tam suverenliyimizin bərpa olunmasını həzm edə bilməyən qüvvələrə  AŞPA-ya diqtə edərək belə bir  qətnamənin qəbuluna nail olublar".

Deputat əlavə edib ki, hazırda Avropada bu qüvvələrin başında Fransa dayanır: "Fransa son vaxtlarda Almaniyaya təsir etməklə Avropa strukturları olan Avropa Parlamenti, Avropa İtifaqı və Avropa Şurası vasitəsi ilə Azərbaycana qarşı  təzyiq kampaniyasını davam etdirməkdədir.  Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi də buradan qaynaqlanır.  sərgiləyir. Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Avropanın bu cəhdləri Cənubi Qafqazda yenidən revanişt qüvvələri həvəsləndirməyə və bölgədə gərginliyi davam etdirməyə xidmət edir. Amma unutmamalıdırlar ki, Avropanın bütün bu cəhdləri səmərəsizdir və nəticədə iflasa məhkumdur. O baxımdan Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.   Çünki Azərbaycan vaxtı ilə  Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. Avropa ölkələri, strukturları və AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər. Bu təşkilatlar indiyədək Ermənistanın  Azərbaycan qarşı yürütdüyü işğalçılıq siyasətinin qarşısının alınmasına yox, əksinə hər vasitə ilə işğala dəstək verib ölkəmizi güzəştə getməyə vadar edirdilər. Bunu cənab Prezident dəfələrlə bəyan edib. Amma Azərbaycan bütün bu təzyiqlərə baxmayaraq gücləndi və öz gücünə beynəlxalq hüququ və ədaləti bərpa etdi. Azərbaycan 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi.

İndi Azərbaycan  dayanıqlı sülhün əldə olunmasını istəyir və bütün səyini bu istiqamətə yönəldib. Lakin Ermənistanın havadarları buna imkan vermir. Lakin onlar unudurlar ki. bu cür hərəkətləri ilə  Ermənistanı daha pis vəziyyətə və böhrana sürükləyirlər. İndiyədək bu cür  hərəkətlərdən əziyyət çəkən və itirən tərəf Ermənistan olub və bundan sonra da itirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31