COP-29-un Azərbaycanda təşkili ölkəmizə olan beynəlxalq güvənin nəticəsidir-Elman Cəfərli- ÖZƏL
26 Yanvar 2024 12:52 Siyasət"Müasir dünyamızı təhdid edən əsas faktorlardan biri də qlobal iqlim dəyişmələridir. Temperatur artır, su hövzələri quruyur, topraqların şoranlaşması, səhralaşması artır. Bu prosesin sürətlənməsinə daha çox antropegen amillərin təsir etdiyi bildirilir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib:
"Yəni konkret desək, hazırki ekoloji böhran daha çox insan "əməyinin" nəticəsidir. Son 50 ildə istixana qazlarının emissiyası xeyli artıb. Bəşəriyyət ənənəvi enerji mənbələrinə alternativ resursların formalaşdırılmasının yollarını düşünür. Ötən əsrin 70-ci illərində qlobal neft böhranından sonra bununla bağlı təşəbbüslər artdı. Bir sıra dövlətlər bərpa olunan enerji əsasında elektrik enerjisinin istehsalında mühüm irəliləyişlər əldə etdilər. Hazırda ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Yaponiya, BƏƏ bu məsələdə müsbət nəticələrə nail olublar. Azərbaycan ötən əsrin 90-cı illərindən qlobal iqlim dəyişmələrinin mənfi fəsadlarına qarşı mübarizəyə dəstək verir. Ölkəmiz bununla bağlı bir sıra beynəlxalq sənədləri imzalayıb. Azərbaycan son 15 ildə yaşıl enerji zonalarının yaradılması istiqamətində mühüm addımlar atıb. İşğaldan azad olunmuş Qarabağ regionunda böyük qayıdış çərçivəsində həyata keçirilən tikinti-quruculuq işləri ekoloji layihələrə, yaşıl enerjiyə əsaslanır. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavatdır. Dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Son illər su ehtiyatlarından istifadə ilə bağlı əhəmiyyətli qərarlar verilib. Ölkəboyu yaşıllıq zonalarının salınması istiqamətində mühüm işlər görülüb. Bu baxımdan 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması, COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizin bərpa olunan enerjiyə keçid siyasətinə sadiq qaldığını göstərir. COP-29-un ölkəmizə salınması onu göstərir ki, Azərbaycan sabitlik ölkəsidir. Ölkəmiz buna qədər də mühüm beynəlxalq tədbirlərə, yarışlara uğurla ev sahibliyi edib. COP-29-un Azərbaycanda təşkili ölkəmizə olan beynəlxalq güvənin nəticəsidir.
Hesab edirəm ki, Azərbaycan bu etimadı doğruldacaq və COP-29-u uğurla başa vuracaq. Bu tədbir ölkəmizə yeni müsbət dividentlər gətirəcək. Nüfuzlu beynəlxalq tədbir Azərbaycana özünün unikal inkişaf yolunun, sosial-iqtisadi uğurlarının təbliği baxımından əlavə fürsətlər yaradacaq".