Bəzi dövlətlər Cənubi Qafqazda geosiyasi ambisiyalarını həyata keçirməkdə israr edirlər- ÖZƏL

"Regionda ilk dəfə məhz Azərbaycan Liderinin iradəsi ilə müasir təhlükəsizlik sisteminin formalaşdırılması imkanı meydana gəlib. 2020-ci ildə Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra Cənubi Qafqazda bütün region dövlətlərinin maraqlarına cavab verən əməkdaşlıq platformasının yaradılması üçün real tarixi şərait yarandı. Ötən ilin sentyabrında isə ölkə ərazisində erməni separatizminin kökü tamamilə kəsildi. Bununla da milli təhlükəsizliyimizə olan başlıca təhdid aradan qalxmış oldu". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Bildirib ki, regiondan kənarda yerləşən bəzi dövlətlər münaqişə amilindən istifadə edərək özlərinin maraqlarını və ya geosiyasi ambisiyalarını həyata keçirməkdə israr edirdilər: "Bu baxımdan, Cənubi Qafqaz regionunda Azərbaycan Liderinin strateji baxışları və uğurlu addımları sayəsində formalaşmış yeni geosiyasi konfiqurasiyanı qəbul etmək istəmir və yenidən gərginlik elementlərinin yaradılması istiqamətində ardıcıl cəhdlər edirlər. Ermənistan isə bu istiqamətdə özünü "yararlı" alət rolunda artıq təsdiq edib. Bu baxımdan, zaman itirmədən yaranmış imkanlardan istifadə edərək regionda dayanıqlı sülhün və etibarlı təhlükəsizlik mühitinin təmin olunması üçün təsirli addımlar atmaq xüsusi önəm daşıyır. Deməli, Azərbaycanda prezident seçkilərinin keçirilməsi həm də bütövlükdə Cənubi Qafqaz regionun gələcəyi üçün əhəmiyyətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31