Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır

Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz regional və qlobal miqyasda böyük nüfuza sahib olub. Dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət, eləcə də ölkəmizin gələcək inkişaf prespektivləri Azərbaycanı beynəlxlaq qlobal məslələrin müzakirə olunduğu məkana çevirib. Artıq Azərbaycan özünü mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı, eləcə də ev sahibi kimi təqdim edə bilib. Başqa sözlə, Azərbaycan ən mühüm tədbirlərin təşkili ilə bağlı kifayət qədər təcrübə qazanıb. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin miqyası bunun bariz nümunəsidir. Məhz bu kimi amillər nəzərə alınaraq bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi Azərbaycana həvalə edilib.

Etiraf edilməlidir ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün də xüsusi əhəmiyyətə malikdir. Belə ki, Bakının ev sahibliyi ilə keçirilən bu cür tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sülh və sabitliyin təmin olunması baxımından prioritet təşkil edir. Həmçinin ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliği baxımından əhəmiyyətlidir. Məhz bu kimi tədbirlərin əhatə dairəsinin genişlənməsi Azərbaycana beynəlxalq səviyyədə marağın artmasına dəlalət edir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi həm də çox böyük siyasi əhəmiyyətə malikdir. Xatırladaq ki, Prezident İlham Əliyev bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur: "Bu hadisənin önəmi ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Bu isə beynəlxalq ictimaiyyətin yekdil mövqeyi deməkdir. Ölkə başçısının da dediyi kimi gələn il iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Bu cür irimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etmək sözsüz ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən ləyaqətlə gələcəyi qətiyyən şübhə doğurmur. Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi hədəfləyirik".

Onu da qeyd edək ki, Azərbaycanda belə bir tədbirin keçirilməsini təsadüfi hadisə hesab etmək olmaz. Bunu Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavatdır. Dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir.

Azərbaycanın öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Azərbaycanın Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb. Artıq Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Yeri gəlmişkən qeyd edək ki, ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Bu vaxtadək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Onlara beynəlxalq idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri də aid etmək olar. Bunları nəzərə alsaq əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Birmənalı şəkildə demək olar ki, Azərbaycan bu tədbiri də ən yüksək səviyyədə həyata keçirəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31