Avropa Şurası ədalətli deyil, işğalçını dəstəkləyir- ÖZƏL

"Avropa Şurası son addımı ilə Azərbaycanın dövlət maraqlarının əleyhinə addım atdı və bunun qarşılığını da aldı. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin bu addımı həmin münasibətə adekvat cavabdır". "Olaylar" xəbər verir ki, bunu deyən "Cümhuriyyət" qəzetinin baş redaktoru Rəfail Becanovun sözlərinə görə, bu addımı ilə AŞPA növbəti dəfə Azərbaycana qarşı qərəzli və riyakar mövqe sərgilədi: "İkili standartlardan xilas olmağı bacarmayan AŞPA Azərbaycanı ittiham edir ki, Azərbaycanda insan hüquqları pozulur, jurnalistlərə və siyasi fəallara qarşı təzyiqlər edilir, seçkilərin keçirilməsində pozuntular müşahidə olunur. Sual olunur ki, əgər elədirsə, sizin niyyətiniz təmizdirsə, əvvəllər niyə bunu etmirdiniz? İndi, Azərbaycan öz ərazilərində yuridiksiyasını bərpa, ərazi bütövlüyünü təmin edəndən sonra "demokratiya damarınız tutdu"? "Xoruzun quyruğu" burada çılpaqlığı ilə görünür. Atılan bu addım və Azərbaycana qarşı qərəzli münasibət Fransanın təkidi ilə atıldı. Bu bir daha AŞPA-nın ikili standartla işlədiyini göstərdi. Zaman-zaman dediyimiz ikili standart budur.

Bu gün Azərbaycan öz milli və dövlət maraqlarına uyğun addım atıb və ərazi bütövlüyümüz bərpa edilib. Heç bir zaman beynəlxalq hüquq normaları Azərbaycan tərəfindən pozulmayıb. Hətta döyüş şəraitində belə bu normalar qorunub. Azərbaycanın uğurlarından, öz maraqlarını müdafiə etməsindən narahat olan Fransa və onun AŞPA-dakı həmfikirləri Ermənistanı müdafiə edir və bizə qarşı məkrli siyasət yürüdürlər. Bü münasibətlə bir daha ədaləti yox, işğalçı və təcavüzkar Ermənistanı dəstəklədiklərini göstərirlər. Bizim dövlət və milli maraqlarımız tələb edir ki, suverenliyimizi, ərazi bütövlüyümüzü təmin edək və qoruyaq. Ona görə də dövlət maraqlarımızın əleyhinə olan bir qurumda qalmaq Azərbaycanın  dövlət və ictimai maraqlarına uyğun gəlmirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31