İtirən Azərbaycan deyil, həmin təşkilatdır - Züriyə Qarayeva- ÖZƏL
25 Yanvar 2024 13:21 Siyasət"AŞPA-nın qəbul etdiyi qərar Azərbaycana qarşı ilk qərəzli addım deyil".
Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a olan açıqlamasında bildirib:
"Uzun illərdir ki, biz ikili standartların, türkafob, islamafob yanaşmanın qurbanına çevrilən bu təsisatdan eyni yanaşmaların, ritorikanın təzahürü olan addımların şahidi olmuşuq. Bu siyasətin predmeti yalnız Azərbaycan deyil. Məlumdur ki, təşkilat tərəfdən Azərbaycan və Türkiyə başda olmaqla ümumən, müsəlman coğrafiyasına qarşı qeyri-obyektiv yanaşma mövcuddur. Bizlərə qarşı belə bir yanaşmanın nümayiş etdirildiyi vaxtda paralel olaraq digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, siyasi məhbusların mövcud olması, vətəndaş cəmiyyəti və mediaya qarşı kəskin formada basqıların mövcudluğunun şahidi ola bilirik. Təəssüflər olsun ki, 1949-cu ildə Avropada ümumilikdə insan haqlarının təminatı, qorunması, müdafiəsi məqsədilə yaradılan bu qurum öz missiyasına tamamilə zidd olan siyasət apararaq, bu kimi qayda pozuntularına qarşı heç bir reaksiya verməmişdir. Düşünürəm ki, Azərbaycana qarşı olan yanaşma heç də təsadüfi deyil. Məlumdur ki, Azərbaycan 2001-ci ildən sözügedən təşkilata üzv olduqdan sonra bu period ərzində daimi olaraq ermənipərəst, islamafob qüvvələr təşkilatdam Azərbaycana qarşı bir vasitə kimi istifadə ediblər. Biz əsasən ikili standartlar siyasətinin şahidi ola bilmişik ki, uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktoruna qarşı heç bir tədbir görməməsi ilə daha çox yadda qalıb. Yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə qurum təcavüzkar siyasətinə qarşı sərgilədiyi yanaşmanı bu formada çərçivələməyi bacarıb. Bundan öncə də 23 oktyabr 2023-cü il tarixində Dağlıq Qarabağda humanitar vəziyyət adlı qətnamə qəbul olunmuşdu. Hal-hazırda da belə bir yanaşmanın sərgilənməsi deməyə əsas verir ki, əsas səbəblərdən biri məhz Azərbaycanın işğal faktorunu aradan qaldırması, bu cür təşkilatların üzərinə düşən missiyanı Azərbaycanın özünün ordu və diplomatiya imkanları potensialı hesabına həll etməsi və dəstəklədikləri Ermənistanın Azərbaycan ordusu tərəfindən darmadağın edilməsidir. Bundan öncə də məhz Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi qurulandan sonra AŞPA da başda olmaqla Azərbaycandan həmin məntəqənin ləğv edilməsini, yəni, Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvənin, silah-sursatın, eləcə də minaların və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almasını tələb edib. Azərbaycam tərəfinin də təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi bu formada qərarlar verməyə başlayıb. Ötən il üç dəfə ölkəmizə qarşı bu cür müraciətlər olunub, Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Halbuki, bu təşkilat məhz müvafiq ərazilərdə işğalçılığın davam etdiyi maddi-mədəniyyət nümunələrimizin dağıldığı bur vaxtda heç bir zaman prosesin tərkib hissəsi olmağa can atmayıb. Sadəcə olaraq status-kvonun saxlanılması uğrunda mübarizəni biz bu kimi qurumlardan görə bilmişik. Azərbaycanın da haqlı siyasəti, öz torpaqlarını işğaldan azad etməsi onların bu cür riyakar niyyətlərinin qarşısını almış olub. Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı. AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanafobiya, islamafobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə qeyri-müəyyən müddətə fəaliyyətini dayandırma qərarı aldı. Bundan əlavə də Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər. Düşünürəm ki, Fransa amili də mütləq şəkildə əsas rol oynayan faktorlardan biridir. Fransanın Azərbaycana qarşı riyakar siyasəti, Azərbaycanın haqq işində apardığı uğurlu mübarizəni həzm edə bilməməsi, ermənidən çox erməni olması ölkənin yer aldığı bu təşkilatların siyasətinə də əlbəttə ki, təsirsiz ötüşməyib. Nəticə etibarilə Fransanın, Parisin əsas təzyiqləri nəticəsində təşkilat bu cür islamafob, türkafob, ermənipərəst meyilləri ortaya qoymaq qərarı alıb. Daha doğrusu, qərarın icrasına hələ bugünki gündə də davam edir. İtirən Azərbaycan deyil, həmin təşkilatdır. Bütövlükdə bu Azərbaycan və Qərblə olan əlaqələrə kölgə salacaq bir addım, çirkin kompaniyadır. Düşünürəm ki, Azərbaycanın regionda günü-gündən nüfusunun artması, rolunun güclənməsi, geniş miqyaslı layihələrin icraçısı, təşəbbüskarı rolunda çıxış etməsi, eyni zamanda, "qoca qitə"nin enerji təhlükəsizliyinin əsas təminatçısı olması Avropa təsisatlarını Azərbaycanla münasibətləri qaydasına qoymaq məcburiyyəti qarşısında qoyacaqdır".