Azərbaycan regional iqtisadi bağlantılarını daha da genişləndirir- ÖZƏL
16:01 Siyasət"Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının dərinləşməsi, Xəzər üzərindən nəqliyyat və enerji bağlantılarının genişləndirilməsi, rəqəmsal infrastruktur layihələri ölkənin regional iqtisadi əlaqələr sistemində rolunu artırır. Bu proses Azərbaycanın xarici siyasətinin iqtisadi diplomatiya istiqamətində də yeni imkanlar formalaşdırır. Nəqliyyat dəhlizləri, enerji layihələri, rəqəmsal bağlantılar və investisiya əməkdaşlığı siyasi münasibətləri tamamlayan uzunmüddətli iqtisadi tərəfdaşlıq platformalarına çevrilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səslənən fikirlərin ümumi məzmunu göstərir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri artıq mövcud investisiya etimadını yeni iqtisadi sahələrə yönəltməkdir. 30 il əvvəl enerji sektorunda yaradılmış uzunmüddətli tərəfdaşlıq modeli bu gün digər sahələr üçün də təcrübə mənbəyi kimi nəzərdən keçirilir. İnvestor üçün hüquqi sabitlik, proqnozlaşdırılan iqtisadi mühit, infrastruktur, enerji təminatı, insan kapitalı və regional bağlantılar birlikdə vahid investisiya ekosistemi yaradır. Azərbaycanın forumu məhz ölkə daxilində keçirməsi də bu baxımdan simvolik və praktiki əhəmiyyət daşıyır. Xarici investorların ölkəni yerində görməsi, iqtisadi və sosial mühiti bilavasitə müşahidə etməsi, dövlət və biznes nümayəndələri ilə birbaşa təmas qurması investisiya qərarlarının formalaşmasına əlavə informasiya verir. Bu yanaşma Azərbaycanın özünü yalnız rəqəmlər və təqdimatlar vasitəsilə deyil, real iqtisadi imkanları, infrastrukturu və insan kapitalı ilə təqdim etmək strategiyasının tərkib hissəsidir. Prezident cənab İlham Əliyevin çıxışından aydın görünən əsas strateji xətt Azərbaycanın qarşıdakı dövrdə əldə etdiyi iqtisadi və maliyyə imkanlarını yeni inkişaf sahələrinə yönəltmək niyyətidir.
Neft və qaz sektoru öz əhəmiyyətini qoruyacaq. Lakin paralel olaraq bərpaolunan enerji, logistika, mədənçilik, rəqəmsal iqtisadiyyat, süni intellekt, kənd təsərrüfatı, data mərkəzləri və insan kapitalı kimi istiqamətlərin inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mənada II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajını bir cümlə ilə ifadə etmək mümkündür: Azərbaycanın gələcək iqtisadi inkişafı yalnız mövcud resursların istifadəsi ilə deyil, həmin resursların yeni texnologiyalara, infrastruktura, insan kapitalına və yüksək əlavə dəyər yaradan sahələrə çevrilməsi ilə müəyyən olunacaq.
Azərbaycanın son onilliklərdə formalaşdırdığı sabitlik, enerji və nəqliyyat infrastrukturu, maliyyə imkanları və regional əməkdaşlıq platformaları bu yeni mərhələnin bazasını təşkil edir. Qarşıdakı əsas məsələ isə həmin bazadan istifadə etməklə investisiya axınlarını daha geniş iqtisadi sahələrə yönəltmək, qeyri-neft ixracının payını artırmaq və Azərbaycanın regional iqtisadi bağlantılarda rolunu daha da genişləndirməkdir. Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə investisiya imkanlarının təqdim olunduğu tədbir deyil, həm də Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsinə dair strateji baxışların beynəlxalq biznes ictimaiyyətinə çatdırıldığı mühüm platforma kimi qiymətləndirilə bilər".