Bakının Qlobal Forum təşəbbüsü Azərbaycanın beynəlxalq nüfuzuna necə təsir edəcək?-ÖZƏL

BMT Baş Assambleyasının 81-ci sessiyasının beşinci günündə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bir sıra yüksəksəviyyəli tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.
O, Sivilizasiyalar Alyansının Dostlar Qrupunun iclasında Azərbaycanın Bakı Prosesi və mədəniyyətlərarası dialoq sahəsində rolundan danışıb, həmçinin 2027-ci ildə Alyansın Qlobal Forumuna Bakının ev sahibliyi etmək niyyətini açıqlayıb.

Azərbaycanın 2027-ci ildə BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyəti ölkənin beynəlxalq diplomatik mövqeyi baxımından hansı əhəmiyyət daşıyır?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" Azərbaycanın 2027-ci ildə BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyəti ölkənin mədəniyyətlərarası dialoq və qlobal əməkdaşlıq sahəsində etibarlı və aparıcı tərəfdaş kimi nüfuzunu gücləndirir. Ümumiyyətlə Azərbaycanın BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyinin mühüm əhəmiyyəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq. Beynəlxalq etimadı gücləndirəcək və dialoq mühitinə əsaslı töhfələr verəcək. Eyni zamanda ölkənin Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal təşəbbüslərdəki rolu beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu, mədəni diplomatiyanın irəliləyişidir. Bakının belə nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycanın sivilizasiyalararası körpü rolunu daha da möhkəmləndirməklə yanaşı qlobal platformalara çıxış imkanlarını da artırır. Tədbir ölkənin beynəlxalq arenada sülh, tolerantlıq və qarşılıqlı anlaşma dəyərlərinə sadiq olduğunu bir daha nümayiş etdirir. BMT-nin qətnamələrinə uyğun olaraq Fələstin Dövlətinin paytaxtının Qüds olması ilə bağlı iki dövlətli həllə dəstək Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və digər ərəb-islam dövlətləri ilə həmrəyliyini göstərir. Habelə, regional və diplomatik mövqe baxımından Azərbaycanın xarici siyasətində yeni üfüqlər açır. Bu qəti və prinsipli mövqe Azərbaycanın müsəlman dünyası ilə strateji tərəfdaşlıq bağlarını dərinləşdirir, həmçinin ölkənin balanslı və beynəlxalq hüquqa əsaslanan xarici siyasət xəttini vurğulayır. Azərbaycanın Qüds məsələsində ikidövlətli həll variantına da verdiyi dəstək Ərəb-İslam ölkələri ilə əlaqələrdəki bağları qoruyub saxlayır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31