Azərbaycanın ən böyük üstünlüklərindən biri coğrafi mövqeyidir- ÖZƏL

"Ötən həftə Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi etdi. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda  Prezident İlham Əliyev çıxış edərək ölkə üçün əhəmiyyətli iqtisadi mesajlar verdi. Ölkə başçısının çıxışı Azərbaycanın qarşıdakı illər üçün iqtisadi inkişaf modelinin əsas istiqamətlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu   Milli Məclisin deputatı Məşhur Məmmədov deyb: "Əslində qarşıya qoyulan məsələ artıq yalnız ölkəyə investisiya gətirmək deyil. Əsas məsələ cəlb olunan kapitalın daha yüksək əlavə dəyər yaratması, yeni texnologiyalar gətirməsi, ixrac imkanlarını genişləndirməsi, insan kapitalını inkişaf etdirməsi və iqtisadiyyatın dayanıqlığını artırmasıdır. Prezidentin qeyd etdiyi kimi, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısı xarici investisiyaların payına düşür. Bu göstərici ölkənin investisiya tarixinin miqyasını göstərməklə yanaşı, qarşıdakı mərhələdə əsas sualı da ortaya qoyur: bundan sonra investisiyanın istiqaməti və keyfiyyəti necə dəyişməlidir?

Prezidentin çıxışının ən mühüm mesajlarından biri məhz budur: Azərbaycan artıq iqtisadiyyatın ilkin infrastruktur bazasını formalaşdırmış ölkə kimi növbəti mərhələyə keçir. Son illərdə yollar, dəmir yolları, enerji infrastrukturu, limanlar, hava limanları, internet və digər mühüm infrastruktur layihələri həyata keçirilib. Bu infrastrukturun yaradılması təsadüfi proses deyildi. İnvestor üçün yalnız maliyyə imkanlarının olması kifayət etmir. İnvestor bilməlidir ki, istehsal etdiyi məhsulu bazara necə çıxaracaq, enerjini haradan alacaq, xammalı necə gətirəcək, məhsulu hansı nəqliyyat dəhlizi ilə ixrac edəcək və rəqəmsal xidmətlərdən necə istifadə edəcək. Bu baxımdan Azərbaycan uzun illər ərzində iqtisadi inkişafın fiziki əsaslarını formalaşdırıb. İndi isə həmin infrastrukturun iqtisadi gəlirə çevrilməsi mərhələsi başlayır.

Bu mərhələdə Azərbaycanın ən böyük üstünlüklərindən biri coğrafi mövqeyidir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Prezidentin açıqladığı rəqəmlərə görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı, 2030-cu ilədək isə 25 milyon tona və daha yüksək səviyyəyə qaldırılmasının hədəfləndiyi bildirilir. Bu, sadəcə tranzit statistikasının artması demək deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31