Azərbaycanın 2027-ci ildə Qlobal Forum təşəbbüsü- Politoloqdan şərh- ÖZƏL

"Azərbaycanın 2027-ci ildə BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətini yalnız növbəti beynəlxalq tədbirin Bakıda keçirilməsi kimi qiymətləndirmək düzgün olmaz. Bu təşəbbüs Azərbaycanın son illərdə formalaşdırdığı dialoq diplomatiyasının davamlılığını göstərir. Bakı artıq "Bakı Prosesi" və mədəniyyətlərarası dialoq istiqamətində özünü beynəlxalq platforma kimi təqdim edib və 2016-cı ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna da ev sahibliyi edib".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

"Burada əsas məqam Azərbaycanın müxtəlif siyasi, dini və mədəni mövqelərə malik tərəfləri eyni platformada bir araya gətirmək imkanının genişlənməsidir. Belə tədbirlər Azərbaycanın yalnız tədbir keçirən ölkə deyil, beynəlxalq gündəlikdə dialoq və əməkdaşlıq üçün məkan yaradan dövlət kimi mövqeyini möhkəmləndirir. Xüsusilə indiki mürəkkəb beynəlxalq şəraitdə sivilizasiyalararası qarşıdurma ritorikasının artdığı bir vaxtda Bakıdan belə bir təşəbbüsün irəli sürülməsi ölkənin diplomatik fəallığını daha görünən edir.

Qüds məsələsində Azərbaycanın iki dövlətli həllə dəstəyi isə ayrıca əhəmiyyət daşıyır. Azərbaycan bu mövqeyi beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində ifadə edir və Fələstin dövlətinin yaradılmasını, paytaxtının Şərqi Qüds olmasını nəzərdə tutan yanaşmanı dəstəkləyir.  Bu mövqe Azərbaycanın Ərəb və İslam dünyası ilə münasibətlərində siyasi dialoqun möhkəmlənməsi baxımından mühüm diplomatik xəttdir.

Azərbaycanın burada fərqləndirici tərəfi ondan ibarətdir ki, Bakı Qüds məsələsində mövqeyini emosional ritorikadan daha çox beynəlxalq hüquq, BMT prinsipləri və sülh gündəliyi üzərindən ifadə edir. Bu isə həm ərəb dövlətləri, həm də İslam dünyasının müxtəlif aktorları ilə siyasi təmaslarda Azərbaycanın mövqeyinin daha aydın və proqnozlaşdırıla bilən olmasına şərait yaradır.

Məncə, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bu iki istiqamətin eyni gündəmdə görünməsi Azərbaycanın xarici siyasətinin ümumi məntiqini də göstərir: Azərbaycan bir tərəfdən qlobal dialoq platformalarının təşkilatçısı kimi çıxış edir, digər tərəfdən həssas regional məsələlərdə öz prinsipial mövqeyini ortaya qoyur. 2027-ci ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi təşəbbüsü də məhz bu xəttin davamıdır. Bakı üçün belə platformalar beynəlxalq münasibətlər sistemində öz sözünü demək, müxtəlif coğrafiyalarla siyasi əlaqələri genişləndirmək və Azərbaycanın diplomatik imkanlarını daha geniş auditoriyaya təqdim etmək baxımından əhəmiyyətlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31