Müdrik xalqımız Prezident seçkilərində doğru seçim edərək Azərbaycanın yeni zirvələrə çıxmasını təmin edəcək - Deputat

Möhtərəm İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsi ilə müasir Azərbaycan tarixində yeni bir dövr başlamış oldu. Bu dövrdə Azərbaycan tarixdə olmadığı qədər inkişaf yolu keçdi, qarşıya qoyulan bütün hədəflərə nail olundu, son 200 ildə xalqımıza qarşı aparılan soyqırım və işğalçılıq siyasətinə son qoyuldu. Prezident İlham Əliyev Azərbaycanı tamamilə yeni bir mərhələyə çıxardı, qalib dövlətə çevirdi və ölkəmizin beynəlxalq aləmdə mövqelərini tarixdə olmadığı qədər möhkəmləndirdi. Bununla yanaşı, Azərbaycan dünyanın iqtisadi baxımdan ən sürətlə inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkələrdən birinə çevrildi.

Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

"2003-cü ildə Prezident seçilən zaman "Mən hər bir azərbaycanlının Prezidenti olacam" deyərək cənab İlham Əliyev Azərbaycanın növbəti illər ərzində sürətli inkişafının, xalqımızın gələcək rifahının, torpaqlarımızın işğaldan azad olacağının anonsunu vermişdi. Bu gün biz tam əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyev Azərbaycan xalqı, dövləti üçün söz verdiyindən daha çox işlər görüb, həyata keçiriləcəyi real görünməyən işlər yerinə yetirib.

2003-cü ildə ölkəni parçalamaq istəyən qüvvələr yenidən Azərbaycanı 90-cı illərin xaosuna, siyasi özbaşınalığına sürükləmək, insanları küçə mintinqlərinə təhrik etməklə yarımçıq qalmış məkirli niyyətlərinə çatmaq istəyirdilər. Lakin bu dəfə Prezident İlham Əliyev onların qarşısını qətiyyətlə alaraq, ölkəmizi yenidən sosial-siyasi və iqtisadi böhrana məruz qalmaq təhlükəsindən xilas edərək yeni bir mərhələyə çıxardı. Məhz bu zaman Ulu Öndər Heydər Əliyevin "inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək" fikirlərində nə qədər haqlı olduğu daha aydın oldu", - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, xalqını, millətini, vətənini sevən, dövlət və xalq maraqlarını hər şeydən üstün tutan cənab İlham Əliyev Prezident seçildikdən sonra özünəməxsus idarəçilik metodu ilə Azərbaycanı yeni zirvələrə çıxardı, Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi başladı.

"Zaman göstərdi ki, müdrik xalqımız 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə, inkişafına, xalqımızın firavan və təhlükəsiz həyatına, ərazi bütövlüyümüzə, müstəqilliyimizin möhkəmlənməsinə səs verib.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi son 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb.

Bundan sonrakı dövrdə də ölkəmizin sosial-iqtisadi inkişafı üçün möhkəm təməllər yaradılıb, bu istiqamətdə geniş və çoxşaxəli tədbirlər həyata keçirilib. Hesab edirəm ki, müdrik xalqımız yenə də doğru seçim edərək qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə ölkəmizin firavan, təhlükəsiz gələcəyini, Azərbaycanın yeni zirvələrə çıxmasını təmin edəcək", - deyə deputat əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31