ABŞ-nin yeni Azərbaycan səfiri Mark Libbinin Şuşaya səfər etməsi yaxşı olardı-İlyas Hüseynov- ÖZƏL

"Qeyd etmək lazımdır ki,  ABŞ  Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi kimi çıxış etməkdə maraqlıdır".

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a  açıqlamasında bildirib:

"Əvvəlki dövrlərdə Brüssel formatını dəstəkləyən bir dövlət kimi ABŞ özünü göstərirdisə, hazırda Vaşinqton platformasını yaratmaqda təşəbbüs göstərir. Hətta Xarici İşlər nazirləri səviyyəsində də bir danışıqlar müstəvisi mövcuddur. Bu xüsusda artıq XİN rəhbərlərinin Vaşinqtonda görüşləri də keçirilmişdir. Eyni zamanda, ABŞ vasitəçiliyə maraqlı olmaqla bərabər, həm də ölkəmizə qarşı qərəzli münasibətini göstərir. Burada 907-ci düzəlişin müddətinin uzadılması, bununla yanaşı olaraq Azərbaycanı dini ayrı-seçkiliklə bağlı nəzarət siyahısına daxil etmək, ABŞ dövlət katibi Antoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın dinləmələr zamanı həqiqətəndən uzaq və reallığı heç cürə əks etdirməyən yanaşmaları əlbəttə, təəssüf doğurur. Eyni zamanda, bu dövlət israrla vasitəçi qismində qalmaqda maraqlıdır. Əlbəttə ki, bu cür təzadlı münasibətlər sistemi aradan qaldırılmalıdır. Digər tərəfdən ABŞ Dövlət Departamentində Cənubi Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono Ermənistana gəldi. Adətən bu cür rəsmi şəxslər regiona gələndə ayrı-ayrı dövlətlərdə səfərdə olurlar. Azərbaycanda isə olmadı. Bunu müxtəlif mənbələr şərh etdilər. Eyni zamanda qeyd etdiyimiz kimi ölkəmizə qarşı qərəzli xətdə olan dövlətin rəsmisinin Azərbaycanda səfərinə qarşı münasibət proqnoşlaşdırılan idi. Lui Bono da Azərbaycana gəlmədi. ABŞ-nin qərəzli münasibətləri bir-birini sıraladıqca görürük ki, dövlət katibi Antoni Blinken cənab İlham Əliyevlə danışığında Ceyms O`Braynın Azərbaycana gəlməsini xahiş etmişdi və bu görüş baş tutdu, bir sıra məsələlər müzakirəyə çıxarıldı. Düşünürəm ki, sülh gündəliyi də əlbəttə, müzakirə edilmiş və amerikalı diplomatın diqqətinə çatdırılmışdır. Mənə elə gəlir ki, ABŞ həqiqətən də vasitəçi olmaq və neytral bir mövqedə çıxış etmək arzusundadırsa, Ermənistana dəstəyini aradan götürməli, erməni lobbisinin təsirinə düşməməli, geosiyasi reallıqları qəbul edərək müxtəlif normativləri irəli sürməlidir. Münasibətləri düzəltmək üçüm mənə elə gəlir ki, ən doğru çıxış yolu ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbinin bizim mədəniyyət paytaxtımız, qəhrəmanlıq simvolumuz Şuşaya səfər etməsi yaxşı olardı. Yalnız bu səfərdən sonra biz ABŞ-nin neytral vasitəçi rolunda çıxış etməsinə açıq və səmimiyyətlə inana bilərdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31