Paşinyan üçüncü tərəf yox, özünə tərəfdaş axtarır-Kazım Kazımov- ÖZƏL
15 Yanvar 2024 21:29 Siyasət"Əslində vasitəçisiz görüşmək Azərbaycanın sülhə maraqlı olduğuna dəlalət edir. "
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Belə ki, onsuz da Qarabağ problemi, de-fakto həll edilibdir. Çünki, Azərbaycan Qarabağın bütün bölgələrini işğaldan azad edibdir. Bu gün Azərbaycanın Qarabağ ərazisində suverenliyu tam bərpa edilibdir. Bu gün azərbaycanlılar işğaldan əvvəlki öz yaşayış məntəqələrinə qayıdır, həyat fəaliyyəti orada bərpa edilir deyə bilərik. Ancaq təəssüflər olsun ki, Ermənistan hər zaman ikili açıqlamalarına və bölgəni qarışdıracaq addımlar atmağa davam edir. Belə ki, əgər Paşinyan həqiqətən də sülhə maraqlıdırsa, onda Azərbaycabıb vasitəçisiz görüşmə təklifini qəbul edər. Biz bilirik ki, daha öncə Azərbaycan tərəfindən Tiflis təklifi gəlmişdir. Əslində bu çox yaxşı təklifdir. Belə ki, iki Qafqaz ölkəsi Qafqazın bir digər ölkəsi olan Gürcüstanın paytaxtı olan Tiflisdə görüşülməsi, hansı ki, bu gün Gürcüstanın həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətləri olduğunu bilirik. Bu bölgədəki problemin beynəlxalq səviyyədə deyil də, lokal səviyyədə, yəni Azərbaycanla Ermənistanın öz aralarında həll etməsinin göstəricisi ola bilər. Çünki, Azərbaycan da Ermənistan da nəticə etibarilə suveren ölkədir. Öz problemlərimizi özümüz görüşərək həll edə bilərik. Ancaq Paşinyan müstəqil ölkənin rəhbəri kimi deyil də sanki, hansısa vassal bir ölkənin hakimi kimi özünü göstərir. Belə ki, o gah Moskva, gah Vaşinqton, gah Paris, gah Tehran və başqa-başqa ölkələri bu sülh prosesinə çəkməyə çalışırdı. Son dövrlərdə Vaşinqton və Parisin Ermənistanın dediklərinə qulaq asdığını görürük. Burada Paşinyan bunu unutmamalıdır ki, Ermənistan bu gün Qafqazdadırsa, sabah gedib Fransada və yaxud da ABŞ-də Amerika qitəsində və ya Qərbi Avropada yerləşəcək deyil və ya ermənilər toplu halda Qafqazdah köçüb gedəcək deyillər. Ermənistan bu ərazidədir, ermənilər də bu ərazidə yaşayır, bundan sonra da bu ərazidə yaşayacaqlar. Ona görə də öz qonşusu Azərbaycanla beynəlxakq avantüralara əl atmadan hərəkət etməlidir. Yəni, Parisin, Vaşinqtonun bu məsələdəki mövqeyini biz çox yaxşı bilirik. Əslində Paşinyan burada üçüncü tərəf yox, özünə tərəfdaş axtarır. O istəyir ki, bu günə qədər həm diplomatiya masasında, həm də müharibədə itirdiklərini Azərbaycan üzərində üçüncü bir ölkənin əli ilə basqı qursun və Azərbaycanı öz diktə etdiyi şərtlər altında sülh prosesinə məcbur etsin. Birincisi, bu gün Azərbaycanın həm diplomatiya sahəsindəki, həm hərbi sahədəki gücü açıq aşkardır. Azərbaycan nəinki bu gün, hətta 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində, 2020-ci il müharibəsində, 2023-cü il antiterror əməliyyatları dönəmində beynəlxalq ermənipərəst avantürist qüvvələrin onsuz da çağırışlarına, təhdidlərinə boyun əyməyib. Azərbaycan istər Vaşintona, istər Parisə, istərsə də digərlərinə lazım olan cavabı veribdir. Belə olan təqdirdə onsuz da həll edilmiş müqavilədən, Azərbaycanın tam haqlı olduğu məsələdən ötrü Paşinyanın Qərbdə özünə yenə arxa-dayaq axtarması mənasızdır, sadəcə Ermənistana ziyandır. Bu gün Azərbaycanın ticarəti də, beynəlxalq əlaqələri də qaydasındadır, ancaq bu gün məğlub olan, iqtisadi böhranla üzləşən tərəf Ermənistandır və Ermənistan nə qədər ki, bu avantürist addımları atacaq, belə böhranlı vəziyyətdə qalmağa davam edəcək".