"İlham Əliyevin prezidentlik müddəti Azərbaycanın inkişaf və möhkəmlənmə dövrü oldu"
15 Yanvar 2024 19:47 Siyasətİlham Əliyevin 20 illik prezidentlik müddəti Azərbaycanın inkişaf və möhkəmlənmə dövrü oldu.
Bu barədə Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib
"Bu illər ərzində Azərbaycan dünyada mühüm hadisələrin gedişatını müəyyən edən aparıcı ölkələr sırasına daxil olaraq, öz nüfuzunu, təsirini, hərbi və iqtisadi potensialını möhkəmləndirə bilib. Əlbəttə ki, İlham Əliyevin 20 illik prezidentlik müddətində ən mühüm hadisə Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsi olub. Bunlar təkcə Azərbaycan xlqının milli tarixində deyil, müasir dünya tarixində mühüm hadisələr idi, çünki bu cür misilsiz nəticəyə səbəb olan uğurlu, səmərəli, düşünülmüş və mühüm həllərə dair başqa nümunə yoxdur", - Korotçenko deyib.
O, Prezident İlham Əliyevin öz dünyagörüşü, strateji məqsədyönlülüyü, beynəlxalq münasibətlər sistemindəki nüfuzuna görə müasir dünyanın aparıcı siyasətçiləri arasında yer aldığını qeyd edib.
"Bunu hamı qəbul edir. Hətta Fransa, ABŞ kimi güclü ölkələr də Azərbaycana təzyiq göstərməyə çalışdı, lakin müvəffəq olmadı. Bu cəhdlərin qarşısı alındı, Azərbaycan öz suverenliyini sarsılmaz şəkildə və qətiyyətlə möhkəmləndirdi və bu gün Cənubi Qafqazın aparıcı ölkəsi kimi uğurla inkişaf edir. Şübhəsiz, Qoşulmama Hərəkatına sədrliyi ilə dünyanın bu hissəsinin ədalətli, səmərəli sülhə və beynəlxalq inkişafa doğru səylərini təcəssüm etdirir. Bu səbəbdən Azərbaycan Prezidenti hər baxımdan müasir dövrün aparıcı xadimi, görkəmli siyasətçi, ziyalı və dövlət xadimidir", - Korotçenko deyib.
Onun sözlərinə görə, ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına doğru yol yetərincə mürəkkəb olub.
"Beləliklə, iqtisadi inkişaf, siyasi sistemin təkmilləşdirilməsi parametrlərini, hərbi quruculuğun gedişatını bir araya gətirərək, birincisi, güclü şaxələndirilmiş iqtisadiyyat əsasında Azərbaycan Silahlı Qüvvələrin yenidən silahlanması üçün şərait yaratmaq, dünya bazarında ən qabaqcıl, müasir növ hərbi texnikanı satın almaq, ordunu yaraqlandırmaq və təchiz etmək, hərbi istehsalat sahəsində öz səriştələrini inkişaf etdirmək və nəhayət, elə bir hazırlıq sistemi qurmaq lazımdır ki, regionda hərbi əməliyyatlar səhnəsinə daha səmərəli tətbiq olunsun.
Bu səbəbdən İlham Əliyev Prezident və Ali Baş Komandan olaraq elə bir ordu modeli yaratdı və dövlətin müdafiə imkanlarının konfiqurasiyasını elə qurdu ki, 2020-ci ilin Ermənistanın irimiqyaslı silahlı təxribatına cavab olaraq "Dəmir yumruq" əks-hücum əməliyyatına başladı", - deyə Korotçenko vurğulayıb.
O, müasir hərb sənəti tarixində bu cür görkəmli əməliyyatların çox az olduğunu, 30 il ərzində qüvvə toplamış, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, göründüyü qədərilə qarşısı alınmaz və mürəkkəb mühəndislik qurğuları, minalı sahələr, məşhur "Ohanyan xəttini" yaratmış təcavüzkar cəmi 44 gün ərzində uğursuzluğa düçar olub və tamamilə məhv edilib.
"Nəticə tarixi proseslərin gedişatına və Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətin dəyişməsinə təsir baxımından nəzərəçarpandır, ən əsasə, bu hərbi uğur misilsizdir. Əlbəttə ki, 44 günlük müharibə dövründə cərrah dəqiqliyi ilə verilmiş effektiv qərarlar və əməliyyatlar müharibənin başa çatmasından artıq bir neçə il ötsə də, indiyədək hərbi analitiklərin diqqət mərkəzindədir", - o deyib.