İrəvan Azərbaycana qarşı revanş niyyətini büruzə verir-Elçin Xalidbəyli- ÖZƏL
15 Yanvar 2024 18:21 Siyasət"ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı sülh prosesindən uzaqlaşdırmaq xətti yürüdürlər. Əsas məqsəd Ermənistan üzərindən Cənubi Qafqazda gərginliyi artırmaqdır. Çünki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanacağı təqdirdə, ABŞ və Qərbin Cənubi Qafqaza yerləşmək planları pozula bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhi Elçin Xalidbəyli bildirib.
" Hər halda, ABŞ və Qərb sülh prosesini əngəlləməklə, bu regionda geopolitik təzyiq faktorlarını qoruyub, saxlamağa çalışır.
Ona görə də, ABŞ və Avropa Birliyi Ermənistanın beynəlxalq məkanda siyasi müdafiəsi üçün bütün imkanlardan istifadə edir. Fransa isə rəsmi İrəvana siyasi dəstəklə yanaşı, həm də hərbi yardımlar göstərir. Bu səbəbdən də, rəsmi İrəvan sülh prosesindən mümkün qədər uzaqlaşaraq, Azərbaycana qarşı revanş niyyətini büruzə verir.
Təbii ki, rəsmi Bakı Paşinyan hakimiyyətinin Qərbə güvənərək, hərbi təxribatlar törətməyə çalışa biləcəyini nəzərə alır. Azərbaycan ordusunun daha da gücləndirilməsi məhz Ermənistanın və onun beynəlxalq himayədarlarının hərbi təxribat planlarını pozmaqda böyük önəm daşıyır. Yəni, rəsmi Bakı əslində, Ermənistanın silahlandırılması prosesini diqqətlə izləyir və istənilən hərbi qarşıdurma vəziyyətinə artıq hazırdır. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana elə indidən açıq və sərt mesaj verərək, rəsmi İrəvana xəbərdarlıq edib. Rəsmi İrəvan bu xəbərdarlıq mesajından sonra Ermənistanın beynəlxalq himayədarlarına boşuna arxayın olmasa, daha yaxşı olar. Çünki, rəsmi Bakı birmənalı şəkildə bəyan edib ki, Azərbaycana qarşı istənilən təhlükə mənbəyi dərhal məhv ediləcək. Ən əsası isə Azərbaycanla hərbi qarşıdurma baş verərsə, ABŞ, Avropa Birliyi və Fransa Ermənistana kömək edə bilməyəcək".