Prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığını müəyyənləşdirən püşkatma keçirildi

Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər arasında dövlət mətbuat nəşrləri tərəfindən ayrılmış pulsuz dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilir. Rəsmi dövlət qəzeti olan "Azərbaycan" da namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.

Yanvarın 15-də "Azərbaycan" qəzetinin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib. Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini, redaksiyada "Prezident seçkilərinə hazırlıq" qrupunun rəhbəri İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzeti prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının "Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında" Təlimatına əsasən müəyyənləşdirib. Qəzet prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci üçün həftə ərzində 14 min kv.sm (ümumilikdə 42 min kv.sm), yəni 7 (ümumilikdə 21) səhifə yer ayırıb.

İxtiyar Hüseynli əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 7 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq: "Qəzetdə dərc ediləcək təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə bir səhifə, yəni 2000 kv.sm nəzərdə tutulur. Bu, qanunvericiliyə əsasən ayırmalı olduğumuz həcmdən əhəmiyyətli dərəcədə, 45 faiz daha artıqdır. Yəni, həftəlik qəzet səhifələrinin ümumi həcminin 10 faizindən daha artıq yer təşviqat materialları üçün ayrılmışdır. Bu qərarımız prezidentliyə namizədlərin seçki qərargahları tərəfindən onlara dəstək kimi qarşılandı və yüksək qiymətləndirildi. Digər təklifimiz də seçki qərargahları tərəfindən ən ədalətli və obyektiv təşviqat modeli kimi dəyərləndirilib. Belə ki, biz prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində fərqli bir mexanizm təklif edirik. Hər həftə ardıcıllıq elə müəyyənləşdirilir ki, bütün namizədlər üçün bərabər təşviqat imkanları, bərabər təbliğat şəraiti yaradılır. Beləliklə, reklam materiallarının dərci ardıcıllığında ədalətlilik, bərabərhüquqluluq təmin olunacaq və namizədlərin təşviqat materialları həftələr ərzində səhifələr və mövqelər üzrə dəyişiləcək".

"Azərbaycan" qəzeti seçki prosesinin dinamikliyini nəzərə alaraq, prezidentliyə namizədlər üçün digər ödənişisiz təşviqat imkanı yaradır. Belə ki, prezidentliyə namizdələrin görüşləri, çıxışları və digər təbliğat fəaliyyətləri də bərabərlik qorunmaqla, qəzetdə ödənişsiz əsaslarla dərc ediləcək.

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetdə dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən dərc ardıcıllığı belə müəyyənləşib:

1. Elşad Musayev

2. Fuad Əliyev

3. Fazil Mustafa

4. Zahid Oruc

5. İlham Əliyev

6. Qüdrət Həsənquliyev

7. Razi Nurullayev

Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran bütün suallara aydınlıq gətirilib və nümayəndələr öz fikirlərini bölüşüblər.

Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Aparat rəhbərinin müavini Əhliman Tağıyev dedi: "Püşkatma çox obyektiv şəkildə keçirildi. "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilən püşkatma ilə bağlı ətraflı izahat verdi. Prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri bütün prosesi izlədilər və prosedur qaydalarının ədalətli olduğunu açıq-aydın gördülər. Yəni püşkatmanın nəticəsi bütün tərəflərin razılığı ilə qarşılandı. Hesab edirəm ki, tam şəffaf şəkildə püşkatma keçirildi və namizədlərin təşviqatı müəyyən olunan sıralama ilə "Azərbaycan" qəzetində bərabər imkanlar əsasında dərc ediləcək. Bu da namizədlər üçün yaradılan münbit şəraitdir və prezidentliyə namizədlərin seçicilərə öz platformasını geniş təqdim etmələri üçün çox önəmlidir. Püşkatmanın nəticəsindən razıyıq və hər bir namizədə uğurlar arzulayırıq".

Prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi İlqar Kərimov: "Burada püşkatma mərasimində iştirakım ilk dəfə deyil. Hər zaman olduğu kimi, püşkatma bu dəfə də şəffaf keçirildi. Fevralın 7-nə təyin olunmuş prezident seçkilərində kimin qalib gələcəyindən asılı olmayaraq, Uca Tanrıdan istəyimiz odur ki, xalqımıza ən xeyirlisini nəsib etsin. Zəfər seçkisinin də belə demokratik keçiriləcəyinə inanırıq".

Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Yaşar Kələntərli: "Püşkatma həmişəki kimi demokratik və şəfaf şəkildə həyata keçirildi. Bütün qaydalara riayət edildi, rəsmi dövlət qəzetində təşviqat ardıcıllığı müəyyənləşdirildi. Hesab edirəm ki, bu seçkilərdə hər bir namizəd üçün bərabər imkanlar yaradılıb. Ümid edirik, hər şey Azərbaycan dövlət və dövlətçiliyi üçün xeyirli, uğurlu olar. Azərbaycanda prezident seçkiləri ilk dəfə olaraq qalib ölkədə və bütün ərazilərimizdə keçiriləcək. Qalibin kimliyindən asılı olmayaraq, qazanan Azərbaycan olacaq".

Prezidentliyə namizəd Fazil Mustafanın səlahiyyətli nümayəndəsi Leyla Musayeva: "Azərbaycan" qəzeti redaksiyasında keçirilən püşkatma mərasimindən razı qaldım. Təşkilatçılıq yüksək səviyyədə idi. Hər bir namizəd üçün bərabər şərait yaradılıb. Püşkatma demokratik və şəffaf keçirildi. Təlimatlarla tanış olduq, lazım olan hər şey izah olundu. Təqdirəlayiq haldır ki, namizədlərin püşkatmada götürdüyü yerlərdən asılı olmayaraq səhifədə yerləri tam ədalətli şəkildə yerləşdiriləcək. "Azərbaycan" qəzeti tərəfindən müəyyən edilən bu təşviqat ardıcıllığı mexanizmini çox müsbət dəyərləndirirəm. Ümid edirik ki, layiq olan namizəd qalib gələr".

Prezidentliyə namizəd Razi Nurullayevin səlahiyyətli nümayəndəsi Ehtiram Mehtiyev: "Açıq və demokratik şəraitdə keçirilmiş püşkatma mərasimi üçün təşəkkür edirik. Prezidentliyə namizəd 7 nəfərin səlahiyyətli nümayəndələri püşkatmada iştirak etdilər. Gedişatdan razıyıq. Ümid edirik ki, seçkinin sonuna qədər bütün proseslər belə demokratik şəraitdə davam edər. Bütün namizədlərə uğurlar arzulayırıq. Dövlətimiz və vətənimiz üçün xeyirli olsun".

Prezidentliyə namizəd Elşad Musayevin seçki qərargahına nümayəndəsi Fikrət Cəfərov: "Bugünkü ədalət prinsipinə əsaslanan püşkatma mərasimindən olduqca razı qaldıq. Yeni sıralama sisteminin düzgün qərar olduğunu düşünürük. Hər bir nümayəndə özü püşkatmada təbliğat günlərini müəyyənləşdirdi. Seçki müddətində materialların və press-relizlərin ictimaiyyətə çatdırılması üçün redaksiya tərəfindən göstəriləcək dəstək üçün də təşəkkür edirik".

Prezidentliyə namizəd Fuad Əliyevin seçki qərargahına nümayəndəsi Xəzər Teyyublu: "Püşkatma mərasimi şəffaf və demokratik keçirildi. Hər namizədə həftədə bir dəfə olmaqla öz platformasını təbliğ etməyi üçün şərait yaradıldı. Bu çox təqdirəlayiq addımdır. Artıq təbliğat-təşviqat kampaniyamızın rəsmi qəzetdə necə aparılması mexanizmi və bizə ayrılan yer bəllidir. Biz də öz təbliğat və təşviqatımızı "Azərbaycan" qəzetində həyata keçirəcəyimizdən məmnunluq duyuruq".

Prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığını müəyyənləşdirən püşkatma keçirildi (FOTO)

Prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığını müəyyənləşdirən püşkatma keçirildi (FOTO)

Prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığını müəyyənləşdirən püşkatma keçirildi (FOTO)

Prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığını müəyyənləşdirən püşkatma keçirildi (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31