“Ermənistan birbaşa danışıqlara məcburdur" - Tofiq Zülfüqarov
15 Yanvar 2024 11:33 Siyasət"Rəsmi Bakının İrəvana vasitəçisiz sülh danışıqları təklifi var. Yəni, danışıqlar birbaşa olmalıdır, hansısa vasitəçiyə ehtiyac yoxdur. Amma Ermənsitan çalışır ki, danışıqlarda hansısa qüvvə iştirak etsin".
Olaylar.az xəbər verir ki, bunu Bakupost.az -a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Onun dediyinə görə, 2023-cü ilin axırlarında artıq Ermənistan Azərbaycanla birbaşa danışıqlar nəticəsində bəzi məsələlərin həllinə nail olunduğunu gördü:
"Söhbət Azərbaycan Prezident Adminstrasiyası ilə Ermənistan Baş nazirinin ofisinin birgə bəyanatından gedir. Bunun nəticəsində əsirlərin dəyişdirilməsi prosesi baş verdi. Azərbaycan sübut etdi ki, birbaşa danışıqlar daha effektivdir, daha real nəticələr əldə oluna bilər".
Bəs, Ermənistan birbaşa danışıqları qəbul edəcəkmi?
T.Zülfüqarov bildirib ki, bunu qarşıdakı zaman göstərəcək:
"Vasitəçiliyi qəbul etmək suveren hüquqlarının bir qismini həmin vasitəçiyə vermək deməkdir. Azərbaycanın siyasi və hərbi potensialı o səviyyədədir ki, bizə vasitəçi lazım deyil. Ermənistan özünü zəif hiss edir, ona görə də hansısa qüvvəni öz yanında oturtmaq istəyir. Amma bu, mümkün deyil. Səbəblər isə çox sadədir. Məsələn, İrəvan istəyirdi ki, Fransanın vasitəsilə BMT-də hansısa qətnaməyə nail olsun. Amma bu, alınmadı. İndi isə məcburən bizimlə üzbəüz oturub danışmalıdırlar".