Azərbaycan və Türkiyə əlaqələri yeni prioritetlər üzrə inkişaf etdirilir- ÖZƏL
15 Yanvar 2024 11:05 Siyasət"44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstəyi bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra müsahibələrinə, çıxışlarına diqqət yetirsək hər birində bu gün dünyaya qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət yönəldilir. Dövlət başçısının çıxışlarında daim bu mühüm məqam xüsusi vurğulanır ki, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Kimin şərin, təcavüzkarın, kimin isə haqqın, ədalətin yanında olduğu açıqlandı. Hər zaman bir yerdə olan qardaş Türkiyə müharibə başlanan andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi:
"Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də dostluğumuzun, qardaşlığımızın daha da möhkəmləndiyini, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci belə ölkələr olmadığını "Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram" fikirləri ilə təsdiqlədi. Tarixi Zəfərimizdən sonra Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü və gələcək inkişafı üçün yol xəritəsidir. Əlaqələr yeni prioritetlər üzrə inkişaf etdirilir. Hazırda bu birlik, həmrəylik işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Bu Zəfər, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması ümumilikdə türk dünyasının birliyinin möhkəmləndirilməsində öz sözünü deyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası böyük bir ailədir. Azərbaycan və Türkiyənin türk dünyasının həmrəyliyinə töhfələri böyükdür. Bunun nəticəsidir ki, 2021-ci ildə Prezident İlham Əliyev, 2022-ci ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordeninə layiq görüldülər".