Uğurlu siyasətin real nəticəsi- prezidentin müsahibəsindəki önəmli MESAJLAR
12 Yanvar 2024 12:15 SiyasətCOP29-un Azərbaycanda keçirilməsi ölkəmizə olan rəğbətin göstəricisidir
Azərbaycan regional və qlobal miqyasda böyük nüfuza malik ölkəyə çevrilib. Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regional və qlobal miqyasda böyük nüfuza, çəkiyə malikdir. Azərbaycan mühüm mövzuların müzakirə olunduğu, mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı, ev sahibi kimi aparıcı müstəviyə yüksəlib. Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunun bariz nümunəsidir. Təbii ki, Bakının ev sahibliyi ilə keçirilən beynəlxlaq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması məsələləri prioritet mövzulardan olur. Həmçinin ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliği ətrafında geniş fikir mübadiləsi aparılır. Məhz bu kimi tədbirlərin əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması bu məsələlərə beynəlxalq səviyyədə marağın artması ilə müşahidə olunur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi buna bariz nümunədir. Artıq bununla bağlı qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib, hazırda sessiyanın gündəliyi müzakirə mərhələsindədir. Birmənalı şəkildə qeyd ediməlidir ki, Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq - dünyanın bir nömrəli beynəlxalq tədbirinin Azərbaycana həvalə edilməsi ölkənin nüfuzunun real göstəricisidir.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində də qeyd edib ki, belə bir tədbirin ölkəmizdə keçirilməsi həyata keçirilən uğurlu siyasətin nəticəsidir: "Bəli, bunlar çox önəmli hadisələrdir, bir daha Azərbaycanın beynəlxalq nüfuzunu və bizim uğurlu siyasətimizi göstərir. Çünki COP29-la bağlı hadisələrin gedişatını indi hər kəs bilir və yenə də deyə bilərəm, tam səmimiyyətlə deyə bilərəm ki, bizim çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Bilirsiniz ki, COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Xüsusilə son həftələr ərzində, hətta COP konfransı Dubayda başlayandan sonra da hələ aktiv diplomatik təmaslar davam edirdi və biz burada da istədiyimizə nail olduq. Halbuki burada da, yenə də bizim dırnaqarası ənənəvi dostlarımız hər iki tədbirdə bizə əngəl törətməyə çalışırdılar, COP29-da, necə deyərlər, daha gizli formada. Çünki burada, eyni zamanda, bölgədə sülhə doğru bir addım nəzərdə tutulurdu və bu addıma qarşı getmək, əlbəttə ki, heç kimə şərəf gətirməzdi. Ona görə pərdəarxası fəaliyyət daha çox özünü göstərmişdi və Dünya Urban Forumu ilə bağlı açıq şəkildə bizə qarşı kampaniya gedirdi. Səsvermə ərəfəsində bir çox ölkələrə təzyiqlər göstərilirdi ki, amanın günüdür, Azərbaycana səs verməyin. Ancaq orada da iflasla üzləşdilər və bu iki tədbirin keçirilməsi, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artıracaq. Bir də ki, bu günə qədər əgər COP tədbirlərini biz nəzərə alsaq, hətta Urban Forumu adətən inkişaf etmiş ölkələrdə, böyük ölkələrdə belə tədbirlər keçirilir. Çünki qonaqların sayına görə bu, ən böyük tədbirdir, yəni, Dubayda təqribən 70-75 min xarici qonaq var idi və bütün başqa amillərlə yanaşı, bu qədər qonağı qarşılamaq, şərait yaratmaq, bütün təşkilati məsələləri həll etmək böyük potensialdan xəbər verir. Yəni, bu, ölkəmizin imkanlarının növbəti nümayişidir".
Dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələrinin yekdil qərarı təbii ki, Azərbaycana olan münasibətin təzahürüdür. Başqa sözlə, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin göstəricisidir. Bu eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə olan böyük qiymət hesab edilir. Bu bir reallıqdır ki, yaşıl enerjiyə keçid ölkəmiz üçün prioritet məsələdir. 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilib. Məhz bu amilləri nəzərə alan dövlət başçısı müsahibəsində onu da qeyd edib ki, neft-qaz hasil edən və neft-qaz keçmişi olan ölkələrdə belə tədbirlərin keçirilməsi daha önəmlidir: "Çünki bu, bizə irad tutulur və hətta Birləşmiş Ərəb Əmirliklərinə də, ondan əvvəl Misirə də və belə bir irad tutulur ki, neft-qaz hasil edən ölkələrdə bu, üçüncü dəfə baş verir. Amma buna başqa nöqtədən yanaşmaq lazımdır. Bax, bu ölkələr - neftlə, qazla zəngin olan ölkələr bu prosesin içindədirlər. Onlar ümumi işimizə töhfə vermək istəyirlər. Azərbaycan da, bizdən daha çox Birləşmiş Ərəb Əmirlikləri yaşıl enerji olmadan da rahat enerji təhlükəsizliyini nəinki təmin edir, bir çoxlarının enerji təhlükəsizliyini təmin edir. Amma bu, böyük bir məsuliyyət rəmzidir. Onun göstəricisidir ki, biz istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə, necə deyərlər, yaşıl enerji inkişaf etsin, həm dünyaya töhfə verək. Burada, əlbəttə ki, indi mahiyyət üzrə də çox ciddi proseslər gedəcək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu, yenə də hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir. Çünki BMT Baş Assambleyasında adətən prezidentlər gəlir, çıxış edir. Çıxış etdiyi dövrdə zalda onların nümayəndə heyətlərindən başqa, adətən heç kim olmur. Bundan sonra da çıxıb gedir. Amma burada real iş aparılacaq, müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq və Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir".
Bu gün Azərbaycan qalib ölkə olaraq yaratdığı reallıqlarla regionda, dünya siyasətində yeniliklərə yol açır. Ölkəmizin nüfuzu gündən-günə artır. Bu il Azərbaycanın COP29-a ev sahibliyi də bunu təsdiqləyir. Cənab İlham Əliyev qeyd edib ki, COP29-a ev sahibliyimiz bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Ölkəmizin beynəlxalq nüfuzunun artmasını qeyd edən ölkə başçısı ilk növbədə aparılan düzgün siyasətin, düşünülmüş addımların bəhrə verdiyini qeyd etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, bu siyasətin də memarı cənab Prezidentin özüdür. Onun ağıllı və düşünülmüş siyasi gedişləri bir sıra antiazərbaycan qüvvələrin məkrli niyyətlərini boşa çıxarmışdır.
Alim