“GÜAM ölkələrini bütün səviyyələrdə Azərbaycanı dəstəkləməsini vacib hesab edirik”-Deputat- ÖZƏL
12 Yanvar 2024 10:50 Siyasət"2020-ci ilin 27 sentyabrdan başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı möhtəşəm birlik və yüksək vətənpərvərlik nümayiş etdirərək 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğalına son qoydu. Azərbaycan əsgəri bu savaşda təkcə Ermənistan üzərində yox, həm də onun havadarları, açıq və gizli dəstək verənləri üzərində də qələbə çaldı. Bu zəfər Azərbaycanla yanaşı, həm də yaşadığımız region üçün mühüm əhəmiyyət kəsb edir. Zaman keçdikcə Azərbaycanın bu zəfərinin qlobal kontekstdə də nə qədər mühüm əhəmiyyət kəsb etdiyi daha aydın görünməyə və dərk edilməyə başlanılacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib:
"Müasir dünya xaraktirizə ediləndə, daha çox vurğulanan fikir budur ki, dünya təkqütblü sistemdən çoxqütblü sistemə keçir. Ancaq dünyanın çoxqütblü sistemə keçidinin əsas konturları hələ yetərincə aydın görünmür. Hələ ki, görünən odur ki, dünya xaotik şəkildə qeyri-müəyyənliyə sürüklənir. Bələ bir şəraitdə eyni tale yaşayan, mənafe və məqsəd birliyi eyni olan bir sıra ölkələr hərəkət birliyi də nümayiş etdirməyə və daha sıx yaxınlaşmağa başlayıblar. Son vaxtlar bu məzmunlu hərəkət birliyi özünü Türk Dövlətləri Birliyinin timsalında daha aydın göstərməyə başlayıb ki, həmin dərinləşən münüsibətlər sistemində Azərbaycan çox aktiv rol oynayır. Bu kontekstdə çox istərdik ki, GUAM ölkələri də yaşadığımız dövrün məntiq və çağırışlarına uyğun əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətlərində səylərini artırsınlar".
Millət vəkili əlacə edib ki, Azərbaycanın 2030-cu ilədək müəyyənləşdirdiyi beş Milli Prioritet arasında işğaldan azad edilmiş ərazilərə böyük qayıdış xüsusi yer tutur: "Həmin Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edilib və həyata keçirilməyə başlanılıb.Çox qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi sahəsində xeyli iş görülüb. Ancaq bu ciddi problemlə bağlı görüləsi işlər də hələ çoxdur. Genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işində GÜAM ölkələrinin də bütün səviyyələrdə Azərbaycanı dəstəkləməsini vacib hesab edirik".