İlin başlanğıcında prezidentin geniş müsahibəsi yerinə düşdü - ÖZƏL

"Cənab Prezidentin milli televiziya kanallarına verdiyi geniş müsahibə mənə elə gəlir ki, bir çox məsələlərə yetərincə yaxşı aydınlıq gətirdi". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Biz də o düşüncədə idik və cənab prezident də öz müsahibəsində bu fikri səsləndirdi. Bizə də suallar verilirdi ki, tutaq ki, niyə növbədənkənar prezident seçkisinə zərurət yaranıb? Niyə cənab prezident vaxtından qabaq bu seçkinin keçirilməsinə qərar verib? və s. Biz də birmənalı deyirdik ki, cənab prezident bəlli bir mərhələnin qapandığının əlaməti olaraq, həm də bu siyasi prosesləri yekunlaşdırmış hesab edir. Ona görə də, yeni səhifədən, yeni mərhələdən başlamaq üçün bu seçkiyə gedir. Yəni müsahibə zamanı prezident məhz bu fikri səsləndirdi ki, artıq yeni mərhələ başlayıb. Ona görə də biz siyasi prosesləri bir qədər önə çəkdik ki, növbəti illərdə rahat bir şəkildə dövlətin idarəetməçiliyi, ümumiyyətlə, Azərbaycanın yeni, dinc quruculuq dönəmi yürüdülsün. 

İkinci bir tərəfdən də düşünürəm ki, istər Ermənistanla münasibətlərin tənzimlənməsi, istərsə də Fransa ilə bağlı məsələlər, neonkolonializm məsələləri, istərsə də Qoşulmama Hərəkatı ilə bağlı səsləndirilən fikirlər, bütün bunlar əlbəttə ki, prezidentin dilindən aydınlığa qovuşmuş oldu. Yəni o məsələlərlə bağlı bir daha cənab prezident Azərbaycan dövlətinin mövqeyini sərgilədi, hər şeyə aydınlıq gətirdi, olduqca açıq danışdı, hətta hansı prezidentlərlə telefonla danışması məsələsinə aydınlıq gətirdi. Kiminlə yaxınlıq etməsi, Avropa ilə münasibətlər, yəni bütün bu məsələlərə aydınlıq gətirildi. Mən düşünürəm ki, ilin başlanğıcında prezidentin belə geniş müsahibəsi yerinə düşdü. Yəni bəzi adamlar üçün ola bilər, bəzi məsələlər hələ də qaranlıq idi. Artıq burada qaranlıq heç nə qalmadı, hər şeyə aydınlıq gətirildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31