Heydər Əliyevin hakimiyyəti ilə İlham Əliyevin 20 illik hakimiyyəti bir bütövlük, tarixi etapdır - ÖZƏL
11 Yanvar 2024 15:33 Siyasət"Prezident İlham Əliyevin ötən günkü müsahibəsi həqiqətən də bir çox məqamlara aydınlıq gətirdi. Xüsusilə də müsahibənin 2024-cü ilin əvvəlində baş tutması həm də qarşıda bizi gözləyən proseslərə Azərbaycanın mövqeyinin necə olacağına dair konkret fikirlər söyləməyə imkan verir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
"Cənab Prezidentin açıqlamasında qeyd olunan bir məsələ də olduqca aktual idi. Məsələ ondan ibarətdir ki, 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində xüsusi bir əhəmiyyətə malikdir. Belə ki, geridə qoyduğumuz 20 il ərzində, əslində İlham Əliyev Heydər Əliyevdən qalan mirası, həm hədəfləri gerçəkləşdirdi.
Ümumiyyətlə, 1993-cü ildən sonrakı Azərbaycan Heydər Əliyev tərəfindən dirçəldildi. Əslində müstəqilliyimizin təmin edilməsinin davamlı hal alması və dövlətin güclənməsi, Heydər Əliyevin apardığı siyasətlə bağlıdır. Heydər Əliyevin apardığı ordu quruculuğu siyasəti, iqtisadiyyatla, siyasətlə bağlı apardığı ardıcıl siyasətlər, islahatlar, təhsil sistemindəki yeniliklər, öz növbəsində Azərbaycanı gücləndirən faktorlardan oldu. Heydər Əliyev dövrünü yaxşı başa düşürdü və bilirdi ki, müharibə vəziyyətində olan və vətəndaş müharibəsi ərəfəsində olan bir ölkənin ayaqda qalması çətindir. Buna görə də mövcud problemlərin ən önəmli olan ikisi həll edildi: vətəndaş müharibəsi ehtimalları aradan qaldırıldı, Ermənistanla atəşkəs rejimi əldə edildi və bu atəşkəs rejimi sonrasında Azərbaycan iqtisadiyyatında mühüm addımlar atıldı. "Əsrin Müqaviləsi"-nin imzalanması, bir sıra layihələrin ərsəyə gətirilməsi, Azərbaycan neft və qazının Avropa bazarına çıxarılması ilə iqtisadi gücümüzü də təmin etdik.
Heydər Əliyev hakimiyyəti dövründə, yəni 2003-cü ilə qədər əlindən gələnin artıqlamasını etdi və Azərbaycanın ən azından zəif halından regionun güclü ölkələrindən biri halına çevirdi. Lakin onun ömrü vəfa etmədi ki, torpaqların işğaldan azad olunması prosesini də görsün. Amma təbii ki, bu məsələni də onun layiqli davamçısı və siyasi kursuna aparan Prezident İlham Əliyev apardı. Onun da Heydər Əliyev kimi atdığı uğurlu xarici siyasət və daxili siyasətdəki addımlar, habelə geopolitik vəziyyəti düzgün qiymətləndirilməsi, böyük güclərin maraqlarının regionda toqquşduğu məqamlardan ustalıqla istifadə etməsi nəticə etibarilə bizə zəfər gətirdi.
Geridə qoyduğumuz 20 il ərzində, əslində İlham Əliyev hakimiyyətinə nəzər saldıqda görə bilərik ki, daha çox Heydər Əliyev dövründən qalan iqtisadi gücün artırılması istiqamətində ciddi işlər görüldü. Bundan başqa, ordu quruculuğu istiqamətində də müasir dövrün tələbləri əsas götürülərək və yeni trendlər əsas götürülərək silsilə siyasi addımlar atıldı, islahatlar aparıldı. Təsadüfi deyil ki, Heydər Əliyev dövründə yetişən hərbi sahədəki kadrların 2020-ci ildə artıq 44 günlük Vətən müharibəsində zəfərin əldə edilməsində mühüm və müstəsna xidmətləri oldu və təbii ki, İlham Əliyevin Ali Baş Komandanlığı həm diplomatik sahədə, həm media sahəsində, informasiya savaşı sahəsində, həm də cəbhə xəttində aparılan döyüşlərdə öz məharətini göstərdi. Yəni Heydər Əliyev dövründən qalan hərbi kadrlarla İlham Əliyev dövrünün yetişdirdiyi kadrların vəhdəti və aparılan siyasətin uğuru nəticəsində torpaqlarımızı işğaldan azad etdi. Biz əslində bunu bir bütün olaraq götürürük. Yəni Heydər Əliyevin hakimiyyəti ilə İlham Əliyevin 20 illik hakimiyyəti özü özündə bir bütövlükdür, ayrıca tarixi etabdır və Azərbaycan bu tarixi etabın nəticəsini torpaqlarını işğaldan azad edilməsi və 100 ildən artıq bir tarixə malik olan Dağlıq Qarabağ münaqişəsinin bitməsi ilə nəticələndi.
Biz bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Dağlıq Qarabağ etapını bitirmişik. Yerdə qalan Ermənistan-Azərbaycan münaqişəsinin də bitməyi üçün səbirsizlənirik və bu istiqamətdə işlərin görüldüyünü deyə bilərik. Əslində, prezidentin müsahibə zamanı verdiyi açıqlamalara görə, buna dair konkret mesajlar verdi. Sülh müqaviləsinin imzalanmasına dair məsələlərə toxundu, delimitasiya və demarkasiya məsələlərinə dair öz fikirlərini ifadə etdi. Yəni bütövlükdə məsələyə yanaşdıqda, deyə bilərik ki, bu müsahibə artıq İlham Əliyevin prezident seçiləcəyi təqdirdə qarşıdakı hədəflərin nə olacağına dair ilkin mesajları almış olduq. Yəni artıq qarşıda duran başlıca strateji hədəflər - sərhədlərin delimitasiya demarkasiyası, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, Qazaxın yeddi kəndinin geri qaytarılması və regionda regional aspektdə daha da güclənən bir Azərbaycanın yaradılmasına hesablanıb".