İranın buna şərait yaratması münasibətlərimiz üçün yaxşı deyil-Sahil Kərimli- ÖZƏL

"Ermənistanın Təbriz şəhərində konsulluq açması əlbəttə ki, hazırkı proseslərin gedişatı üçün heç də yaxşı şeylər vəd etmir. İlk növbədə qeyd etmək lazımdır ki, Təbriz tarixi Azərbaycan torpağıdır. Təbriz azərbaycanlıların, Azərbaycan türklərinin uzun illər, tarixən yaşadığı yaşayış məskənidir."

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Ermənistanın Təbrizdə konsulluq açması Türk dünyası üçün mesaj kimi qiymətləndirilir. İran buna razılıq verir, həmçinin də Ermənistan. Bu gün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin dayanıqlı olması üçün Azərbaycan böyük səylər nümayiş etdirir. Təəssüf ki, İran müxtəlif manipulasiyalarla, bölgədə siyasi oyunlar oynamaqla bu kövrək prosesə zərbə vurmaq, öz maraqlarını təmin etmək istəyir. İran unutmamalıdır ki, sıx münasibət qurmaq istədiyi Ermənistan Avropa və Qərblə yaxınlaşır. Fransa Ermənistanı silahlandırır, ABŞ isə Ermənistan ərazisində hərbi təlimlər keçirir. Bütün bunlar onu göstərir ki, Ermənistan Avropanı və Qərbi Cənubi Qafqaza gətirmək istəyir və havadarlarını Qərbdə, Avropada axtarır. Eyni zamanda da İranla yaxınlaşmağa çalışır. Ermənistanın yürütdüyü bu ikili, riyakar siyasət İran tərəfindən birmənalı qarşılanmalıdır. İran Ermənistanla bu qədər yaxınlaşmaqdansa, Ermənistanın Amerikaya, Qərbə, Avropaya üz tutmasını düzgün qiymətləndirməlidir. 
Bu məsələlər eyni zamanda İranla Azərbaycan münasibətlərinə də çox ciddi təsir göstərə bilər. Vaxtı ilə İranla Azərbaycanın münasibətləri pozulmuşdu. Bu gün də münasibətlər öz əvvəlki məcrasına qayıtmayıb. Hələ də ortada sual doğuran, həll olunmamış bir çox diplomatik məsələlər var. Ermənistanın Təbrizdə konsulluq açması, İranın buna şərait yaratması münasibətlərimiz üçün yaxşı deyil. Bu məsələlər İran tərəfindən düzgün qiymətləndirilməlidir. Azərbaycanla İran münasibətlərinin gələcəkdə daha da pisləşməsinin qarşısının alınması üçün İran lazım olan diplomatik tədbirləri görməlidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31