Azərbaycan tolerant və multikultural ənənələrin beşiyidir- ÖZƏL
11 Yanvar 2024 14:12 Siyasət"Bütün dünya şahid olur və tarixi faktlar da sübuta yetirir ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvləri kimi yaşamışlar. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, islam dəyərləri müstəsna rola malikdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili İlham Məmmədov deyib: "Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaratmış, bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və digər dini inanclar Azərbaycan ərazisində yayıla bilmişdir. Son illər bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin - tolerant və multikultural ənənələrin beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var".