İran Fransanın, ABŞ-nin düşdüyü səhvə yol verməməli, tələyə düşməməlidir-Kazım Kazımov- ÖZƏL

"Fələstində döyüşlər başladıqdan sonra İran daxilində  bir qrup Türkiyəni protesto etmək üçün Təbrizdə bir mitinq cəhdi etmişdir. "

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a  açıqlamasında bildirib:

"Ancaq bu mitinq cəhdi baş tutmamışdı. Belə ki, Təbriz əhalisi Türkiyə əleyhinə mitinqdə iştirak etmək arzusunda olmamış və bunu rədd etmişdilər. Bu səbəbdən o mitinq təəssüflər olsun ki, Türkiyənin Tehran səfirliyi qarşısında keçirilmişdir. Burada sadəcə Türkiyə deyil, Azərbaycan xalqı, dövləti əleyhinə də fikirlər səsləndirilmişdir. Bunu qeyd etmək lazımdır ki, Təbriz əhalisinin  mövqeyi bu ola-ola, Təbriz əhalisinin mütləq əksəriyyəti  Azərbaycanın torpaq bütünlüyünü dəstəklədiyi halda, hansı ki, Təbrizdə nə etnik erməni əhali var, nə də ki, Təbriz və Ermənistan arasında elə bir tarixi münasibətlər  heç zaman olmayıbdır. Buna rəğmən Ermənistan konsulluğunun Təbrizdə açılması tamamilə siyasi bir gündəmdir. Bunun da səbəbi var. Birincisi, biz bilirik ki, İran təəssüflər olsun ki, Zəngəzur dəhlizi məsələsini tamamilə öz daxili məsələsi kimi görür. Zəngəzur dəhlizi məsələsi Azərbaycanla Ermənistan arasındadır. 30 ildən artıqdır ki, blokada şəraitində olan Naxçıvanın blokadadan çıxarılması üçün  Azərbaycanın diplomatik bir addımıdır. Çox yaxşı bilirik ki, Ermənistan 10 noyabr sülh sazişi dövründə də Zəngəzur dəhlizinin açılması ilə bağlı vədini açıq şəkildə vermişdir. Bu gün Ermənistan bu vədi yerinə yetirməməyə çalışır. Burada Ermənistan hakimiyyəti də Tehranı və digər bir çox özünə yaxın ölkələri, siyasi təşkilatları sanki Azərbaycan buradan başqa bir niyyətlə istifadə edirmiş kimi qələmə verməyə çalışır, zehinləri bulandırır. İran da elə zənn edir ki, sanki Zəngəzur dəhlizi açılanda bütün Şimal ticarət yolları qapanacaq, İran-Ermənistan əlaqələri kəsiləcək. Xeyr, bu belə deyil. İran bu məsələyə bir az daha geniş perspektivdən baxsa çox yaxından görər ki,  Asiyadan  Avropaya, Şərqdən Qərbə gedən ticarət yolu əslində Cənubi Qafqaza açılacaq. İran da Cənubi Qafqazdakı bu dəhlizdən çox ciddi şəkildə istifadə edə biıər. Çox yaxşı bilirik ki, İran özü bu gün sanksiyalar altındadır. Sanksiyalardan ən azından bir az da olsa yükünü azaltmaq üçün bu ticarət yolundan istifadə edə bilər. Cənab Prezident də 44 günlük müharibədən sonra dəfələrlə vurğulamışdır ki, bizim bölgəmizə sülh lazımdır. Bu sülhün bölgə ölkələri arasındakı qarşılıqlı ticarətlə yaranması, əmələ gəlməsi də heç şübhəsiz ki, vacib addımdır. Ancaq təəssüflər olsun ki, İran bunu belə görmür. Burada İran daha çox Ermənistanın fikirləri ilə oturub-durur. İran bunu yaxşı başa düşməlidir ki, Azərbaycan artıq Cənubi Qafqazın lider ölkəsidir. Fransanın, ABŞ-nin düşdüyü səhvə yol verməməli, tələyə düşməməlidir. İrəvanın bu boş-boş sözlərinə inanıb da Bakı ilə arasındakı əlaqələri gərginləşdirməməlidir. İran Azərbaycanın bu gün Cənubi Qafqazda lider olduğunu görməli və buna görə də ticarətdən iqtisadiyyata, siyasətdən digər sahələrə kimi Azərbaycanla əməkdaşlıqda maraqlı olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31