Amerika rəsmilərinin hesabatı heç bir real fakta əsaslanmır

"Təəssüf ki, ABŞ Azərbaycanda dini duruma öz qərəzli münasibətini növbəti dəfə ortaya qoyub. Baxmayaraq ki, 30 il əzində Qarabağda bütün məscidlərimiz, kilsələrimiz erməni vandalları tərəfindən barbarcasına dağıdıldı, içərisində donuz və inək saxlanıldı. Bugünədək ABŞ buna heç bir reaksiya vermədi. Alban kilsələri, xristian məbədləri dağıdıldı və buna da heç bir reaksiya olmadı. Qarabağda erməni abidələrinə gəldikdə isə, bunların hamısı Azərbaycan tərəfindən qorunur. Yəni bir dənə də olsun fakt göstərilə bilməz ki, hansısa tarixi abidəni Azərbaycan Ordusu dağıdıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanda dini azadlıqlarla bağlı heç bir problem mövcud deyil. Amerika rəsmilərinin hesabatı heç bir real fakta, sübuta əsaslanmır: "Azərbaycanda bütün dini azlıqlara, fərqli dinlərə, məzhəb və təriqətlərə bərabər formada, daha yüksək imkanlar yaradılır. Ölkəmizdə bütün dinlərə aid abidələr qorunur, dövlət büdcəsindən yardımlar ayrılır. Eyni istiqamətdə işlər bu gün Qarabağda da görülür. Narahatlıq üçün heç bir əsas yoxdur. Ona görə də ABŞ-nin qərəzli, yalan hesabatı Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilmir. Yanaşma ədalətli olmalı, real faktlara əsaslanmalı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31