Qoşunların mövqelərdən güzgü prinsipi əsasında geri çəkilməsi təklifi rədd edilib- ÖZƏL
11 Yanvar 2024 11:56 Siyasət"Prezident İlham Əliyevin yerli televiziya kanallarına bu açıqlamasını fikrimcə, 7 fevral seçkisindən sonra baş verəcək böyük dəyişikliklərin anonsu kimi də qiymətləndirmək olar: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi intervüdə açıq şəkildə bildirdi ki, Ermənistanın iki ölkə arasında sərhədlərin 70-ci illərdəki xəritələrə dayanılaraq müəyyənləşdirilməsi, eləcə də qoşunların mövqelərdən güzgü prinsipi əsasında geri çəkilməsi təklifi birmənalı olaraq rədd edilib və ediləcək. Səbəb isə budur: "Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, "Ermənistan plyus" qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik".