Hesabatı sanki İran və Ermənistan hazırlayıb, ABŞ da altına imzasını qoyub...

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat hazırlayıb. Hesabatda həmişəki kimi Azərbaycanla bağlı da hissə var və həmin qeyd olunan hissədə yenə də qərbin ikili standartı, qərəzi, hadisələrə siyasi don geyindirməsi müşahidə edilir. Lakin təbii ki, dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur və siyasi sferada birmənalı qarşlılanmır.


Mövzu ilə bağlı fikir bildirən siyasi ekspert Aydın Quliyev qeyd edir ki, Dövlət Departamentinin Azərbaycanda dini azadlıqların səviyyəsi ilə bağlı reytinq qiymətləndirilməsi obyektiv reallıqdan uzaqdır, Azərbaycana münasibətdə qərəzli yanaşmanın nəticəsidir:

"Bu qərəzli yanaşmanın nəticəsi olaraq meydana çıxmış hesabat, təəssüf ki, Amerikanın Azərbaycana münasibətdə bundan sonrakı siyasətinin də müəyyən olunmasına müəyyən ziyanlı təsirlərini göstərir. Heç təsadüfi deyil ki, məhz bu yanlış hesabatın təsiri altında dövlət katibi Blinken Azərbaycanı dini etiqad azadlıqlarının guya pozulduğu və yaxud da ki, pis vəziyyətdə olduğu 12 ölkənin sırasına daxil edib. Hansı ki, həmin ölkələri reallıqda yanaşanda Azərbaycanla qəti şəkildə müqayisə eləmək mümkün deyil. Əslində obyektiv yanaşanda Azərbaycan dini etiqad azadlığı, tolerant model, dinlərarası və millətlərarası münasibətlərin hazırkı səviyyəsi baxımından, hətta Qərbin inkişaf etmiş sivil dövlətlərinə belə rəqib sayıla biləcək nailiyyətlərə, nəticələrə sahibdir. Təkcə onu demək kifayətdir ki, hətta bu gün Amerika cəmiyyətinin özü dinlərarası və etniklərarası münasibətlər modeli baxımından Azərbaycana həsəd aparacaq səviyyədədir. Heç olmasa onu demək lazımdır ki, Azərbaycanda dinlərarası və etniklərarası münasibətlərin tənzimlənməsi bu gün dövlətin işindən daha çox, cəmiyyətin özünün işinə və cəmiyyətin dəyər verdiyi bir sistemə çevrilib. Hətta dövlət tolerant modelin üzərində mühafizəçilik funksiyasını bir anlığa kənara qoymuş olsa, bu işlə məşğul olmasa, Azərbaycanda tolerant modelin üzərində ən böyük nəzarətçi məhz ictimaiyyətin özüdür, ictimai rəydir, xalqın mövqeyidir. Küçədə Azərbaycanda heç vaxt belə bir fakta rast gəlinməyib və gəlinə də bilməz ki, kiməsə dini və yaxud da ki, etnik mənsubiyyətinə görə irad tutulsun və ona pis münasibət müəyyənləşdirilsin. Azərbaycanda belə fakt heç vaxt olmayıb. Hətta nəzəri cəhətdən təsəvvür etsək, belə ki, bu cür bir fakt olub, onda dövlət orqanlarının müdaxiləsindən qabaq Azərbaycanda ictimaiyyət nümayəndələri bu fakta qarşı özünün etirazını elə hadisə başında, yerindəcə münasibətini bildirəcək və onun tənzimlənməsinə nail olacaq. Bu o deməkdir ki, bu gün formalaşmış dini, etnik nöqteyi nəzərdən tolerant modelin aparıcı qüvvəsi Azərbaycan ictimaiyyətinin özüdür. Təbii ki, bu prosesə əlbəttə, lazımi səviyyədə nəzarət edir. Amma Amerika kimi cəmiyyətlərdə dinlərarası və etniklərarası münasibətlərə nəzarət baxımından bircə anlığa dövlət orqanlarının funksiyası kənara qoyulsa, orda çox böyük fəsadlar meydana çıxa bilər. Hansı ki, biz şahidi olmuşuq Avropa ölkələrində, məsələn, Fransada islamofobiyanı, etnik zəmində insanlar arasında qarşıdurma, qətllər Qərb cəmiyyətlərində tez-tez rast gəlinən rast gəlinən faktlara çevrilib. Ona görə də, bu hesabat Azərbaycana qərəzli münasibətdir, həm də ölkəmizə qarşı bir təzyiq vasitəsidir. Xüsusilə də, bu hesabatda dini etiqad azadlığı ilə heç bir əlaqəsi olmayan müəyyən siyasi faktorların da ortalığa çəkilməsi müəyyən şəxslərin, mediada və digər sahələrdə şəxslərlə bağlı gedən hüquqi proseslərin siyasiləşdirilməsi də bir daha göstərir ki, dini etiqad azadlığı ilə bağlı departamentin hazırladığı hesabat qərəzlidir və Azərbaycana pis münasibətin nəticəsidir.
Bütün bunların Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunması və ölkəmizin suverenliyinin tam bərpasından sonraya düşməsi də təsadüfi deyil. Bəllidir ki, Amerika Dövlət Departamenti bu gün keçmiş Qarabağ erməniləri ilə bağlı Azərbaycanın suverenliyi ilə və dövlət mənafeləri ilə bir araya sığmayan mövqe tutur. Çünki ermənilərin guya Azərbaycandan deportasiya olunduqları, təqib olunmalar nəticəsində köçüb getdikləri ilə bağlı fikirlər yürüdürlər və ermənilərin hüquqlarının kütləvi şəkildə pozulması kimi bir yanlış nəticəyə gəlirlər. Bu hesabatın hazırlanmasında da əsas motiv kimi məhz o götürülüb ki, ermənilər Azərbaycandan guya etnik təmizləməyə məruz qalıblar. Ancaq, əlbəttə, bunlar dediyim kimi, qərəzli yanaşmadır. Amerika da çox təəssüf ki, erməni lobbisinin bu gün fəaliyyəti dövlətin siyasətinə seziləcək dərəcədə təsir göstərir. Bu təsir mənfidir. Ona görə də, Amerika dövləti bu gün erməni lobbisinin təsirindən qidalanan bu cür hesabatların təsiri altına düşməkdənsə, dövlət siyasətini müxtəlif lobbi qruplarının, o cümlədən ermənilərin təsirindən xilas etmək haqqında düşünsə yaxşı olar. Təsadüfi deyil ki, bu hesabatı hazırlayan şəxsin özü də erməni lobbisi ilə erməni diasporu ilə açıq şəkildə bağlı olan bir şəxsdir və eyni zamanda bütün karyerası boyu anti-Azərbaycan fəaliyyətləri ilə seçilib".



Politoloq Samir Hümbətovun sözlərinə görə, ABŞ-ın bu cür hesabatlarının heç bir nə siyasi, nə hüquqi, nə də mənəvi əsası yoxdur:

"ABŞ-ın dini azadlıqlarla bağlı belə bir hesabat yayması əslində özü bir gülməli haldır. Çünki dini azadlıqlarla bağlı hesabat yayan ölkə başqa ölkələrin ərazisini işğal edib, xüsusilə də müsəlman ölkələri, öz dinindən olmayan ölkələrin ərazisini işğal edib, orada dinc sakinlərin qətlinə, kütləvi qırğınına səbəb olmaz. Əgər bu hal baş veribsə, deməli, həmin ölkənin yaydığı hesabatın özü başdan qərəzli olduğu ortaya çıxmaqdadır.
Mən hesab edirəm ki, ABŞ bunu ortaya çıxartmaq, yəni bu dini azadlıqlarla bağlı fikri yaymazdan öncə öz tarixinə çönüb baxmalıdır. Birinci, öz daxilində 1774-76-cı ilə qədər hindulara, qaradərilərə qarşı törətdiyi, belə deyək, kütləvi qətliamları gözdən keçirməlidir. 1960-cı ilə qədər qaradərilərin söz haqqının əlindən alınmasını nəzərdən keçirməlidir. XX əsrin 60-70-ci illərində Vyetnamda günahsız insanların tökdüyü qanlarına nəzər yetirməlidir. Eyni zamanda 2000-ci  illərin əvvəllərində "qlobal terror" adı altında Əfqanıstanı işğal edib, orada narkotiki yayması, orada günahsız insanların, müsəlmanların qanını tökməsinə nəzər yetirməlidir. Atom silahı var deyib, İraqa girib, orada günahsız müsəlmanların qanını tökməsinə nəzər yetirməlidir. Suriyada, Liviyada və digər Afrikanın müxtəlif ölkələrində tökdüyü günahsız insanların qanını nəzərdən keçirməlidir və ondan sonra bu azadlığı yaymalıdır. Öz dinindən olmayanı məhv etməyin hansı formada həyata keçirildiyini özü nəzərdən keçirməlidir. Mən o baxımdan hesab edirəm ki, bu cür hesabatların heç bir nə siyasi, nə mənəvi, nə hüquqi əsası yoxdur və Azərbaycana qarşı bu cür fikirlərin səsləndirilməsi kökündən qərəzlidir. Azərbaycanda isə məlum məsələdir, dini tolerantlıq var. Bütün dinlərə eyni şərait yaradılıb, bütün məzhəblərə eyni şərait yaradılıb. Sadəcə olaraq, ölkəmizə qarşı düşmən mövqe tutan bəzi qüvvələrin ölkə daxilində bəzi insanlardan istifadə edərək, onların dini heysiyyatından istifadə edərək, ölkəmizə çirkin niyyətlərinin qarşısını alır. Bu da hər bir dövlətin haqqıdır və biz də bunu həyata keçiririk. Hesab edirəm ki, o cür onların hesabatlarının heç bir nə siyasi, nə hüquqi, nə də mənəvi əsası yoxdur".



Siyasi şərhçi Azər Həsrət  də eyni zamanda təsdiqləyir ki, ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının hazırladığı hesabat Azərbaycana və digər türk dövlətlərinə münasibətdə başdan ayağa qərəzlidir, əsassızdır"

"Xüsusi diqqət yetirilməli məqam ondan ibarətdir ki, hesabatda dünyanın 200-ə qədər ölkəsindən cəmi 30-u haqqında məlumatlar yer alıb. Yəni yerdə qalan dövlətlərlə bağlı heç bir məsələyə toxunulmur və təəssüflər olsun ki, bu dövlətlərin arasında əsasən türk dövlətləri qabardılır. Qardaş Türkiyə, təbiidir ki, Azərbaycan, eyni zamanda qardaş Qazaxıstan, qardaş, Özbəkistan, qardaş Türkmənistan haqqında burada əsassız, qərəzli məqamlar yer alır. Yəni kor-kor, gör-gör.
İkinci bir tərəfdən də, Azərbaycanla bağlı hesabatda istinad edilən mənbə birbaşa Ermənistan dövlətinə bağlı mənbədir. Yəni açıq şəkildə görünür ki, Ermənistanın rəsmi təbliğatı bu hesabatın əsasını təşkil edir. Eyni zamanda, hesabatı hazırlayan qrupda erməni əsilli bir şəxsin, özü də Ermənistana və ermənilərə sıx bağlı erməni əsilli bir şəxsin olması da diqqətdən yayınmamalıdır. Yəni bu faktorları nəzərə alanda açıq şəkildə görünür ki, bu hesabatı hazırlayanlar məqsədli şəkildə Azərbaycana qarşı daha bir sənəd istehsal ediblər. Əlbəttə ki, biz buna cavab verməliyik. Azərbaycan dövləti, öz növbəsində, eləcə də vətəndaş cəmiyyəti ayrı-ayrı siyasətçilər, media təmsilçiləri müvafiq şəkildə buna reaksiya verməlidir. Şəxsən mən özüm artıq o hesabat gün üzü görəndən dərhal hərəkətə keçmişəm, komissiyanın özünə öz etirazımı göndərmişəm, maddə-maddə yazı yazaraq Amerika Birləşmiş Ştatlarında dərc elətdirmişəm. Eyni zamanda, komissiyanın sədrinə də bu məsələlərlə bağlı münasibətimi bildirmişəm. Yəni onlar görməlidirlər ki, Azərbaycan xalqının üstünə belə gəlmək olmaz. Gələcəkləri varsa, görəcəkləri var, deyəcəkləri varsa, deyəcəklərimiz var. Yəni onlar gözlərini yumub, ağızlarını açıb bizə böhtan ata bilməzlər.  Azərbaycan dünyanın dini cəhətdən ən tolerant ölkəsidir. Dünyanın hər tərəfində sıxma-boğmaya məruz qalan yəhudilər belə Azərbaycanda çox rahat, heç bir problemsiz yaşayırlar.
Ümumiyyətlə, isə bu hesabat haqqında danışanda mən belə qənaətə gəlmişəm ki, hesabatı sanki İran və Ermənistan hazırlayıb, Amerika Birləşmiş Ştatları da altına imzasını qoyub. Yəni Amerika Birləşmiş Ştatlarını İranla birləşdirən nədir? Necə olur ki, Amerika Birləşmiş Ştatları İranın əsassız iddialarını təkrarlayır və onlara əsaslanaraq Azərbaycanın üzərinə gəlir? Yəni bu məsələ əlbəttə ki, Amerika Birləşmiş Ştatları üçün böyük bir utancdır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31