Təbrizdə konsulluğun açılması Türk dünyasına qarşı açıq mesajdır-Elşad Həsənov- ÖZƏL

"İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahianla Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan dekabrın 27-i birgə görüşdə fikir səsləndirdi ki, yanvarın ilk günlərində Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov səsləndirib:

"Bütün bu məsələlər hamısı İranın Azərbaycanın Ermənistan üzərindəki qələbəsini həzm etməməsindən sonra olub. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Ermənistanı məğlub edəndən, Ermənistan kapitulyasiya aktına qol çəkəndən sonra İran daima gecə-gündüz Ermənistanın yanındadır. 44 günlük müharibə zamanı da, Azərbaycan torpaqları işğal olan dövrdə də Ermənistanın yanında olub və Azərbaycana qarşı bütün vasitələrdən istifadə edib. O cümlədən, işğal olunmuş ərazilərdə evlərin dağıdılması, sökülməsi, bunlar hamısı İrana aparılıb. Bunlar faktdır. Müharibə dövründə də İran Ermənistana nə qədər kömək etsə də, Ermənistan Azərbaycanın güclü ordusu qarşısında məğlub oldu və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bütün bunlar Ermənistanın indiki rəhbərliyini çox ciddi narahat edir. Özünü İslam dövləti kimi göstərən İranın rəsmiləri işğal dövründə 67 məscidin 65-nin darmadağın olmasına göz yumdu. Bizim məscidlərdə mal, heyvan, donuz saxlanmasına göz yumdu və Ermənistanı dəstəklədi. Müharibə bitəndən sonra da daima onların yanında olur. Üçtərəfli bağlanmış bəyannamənin 9-cu bəndində Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılması öz əksini tapmışdı. Paşinyan da buna qol çəkmişdi, amma sonradan İran Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti elan etdi və Ermənistana təsir etdi. Sonradan Ermənistan rəhbərliyi də həmin yoldan imtina etdilər. Biz bəyannamədə göstərilən 4-cü bəndi, yəni Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin çıxarılması məsələsini özümüz lokal antiterror əməliyyatı nəticəsində həll etdik, qaldı 9-cu bənd. Bununla da bizə qarşı Qərbdə, Amerikada əks təbliğata başladılar ki, güya Azərbaycan 9-cu bəndin yerinə yetirilməsi üçün Ermənistana hücum edəcək, Ermənistanın torpaqlarını işğal edəcək. Azərbaycan prezidenti cənab İlham Əliyev bildirdi ki, biz Zəngəzura gedəcəyik, amma tanklarla yox, avtomobillə gedəcəyik. Biz İranın ərazisindən keçməklə Naxçıvana başqa bir alternativ yol haqqında müqavilə bağladıq və bu gedir. Biz müqaviləni bağlayandan sonra Ermənistan əl-ayağa düşdü, Zəngəzur dəhlizinin onlar üçün çox önəmli olduğunu bildirdilər. Bu dəhliz Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarət etməsinin əleyhinə olduqlarını bildirdilər, özlərinin nəzarət etmələrini irəli sürdülər. Yəni onlar artıq başa düşür ki, bu yol açılmalıdır və bu da Ermənistan üçün həm siyasi, həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən xeyirli bir proyektdir. İran isə daima bu layihələrə qarşı çıxır. Bu söhbətlər gedəndə İran tələsik 2022-ci ilin oktyabrın 21-də həmin Zəngəzurda, Qafan şəhərində Baş konsulluq açdı. Həmin vaxt mətbuatda da bildirildi ki, konsulluq açılan binada heç təmir işləri də başa çatmamışdı. Açılışda iştirak edən İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian, Ararat Mirzoyan heç binanın içinə də daxil olmadılar. Həmin zaman İranın Qafandakı Baş konsulu Abedin Vəramin jurnalistlərə açıqlamasında bildirdi: "Biz açıq deyirik ki, sərhəddə heç bir dəyişikliyi rəsmi olaraq tanımırıq, biz sülh və sabit Ermənistan istəyirik. Mən Qafan sakinlərinə məsləhət görərdim ki, narahat olmasınlar, biz erməni xalqı naminə burdayıq". 
Onlar erməni xalqının yanındadır, ancaq özlərinin bildirdiyi kimi din qardaşlarının, İslam qardaşları olan azərbaycanlıların əleyhinədirlər. Ona görə də, məhz Azərbaycan dövlətini, Türk dünyasını qıcıqlandırmaq üçün də əhalisinin böyük əksəriyyəti türk olan Təbrizdə konsulluğun açılması təbii ki, Türk dünyasına qarşı açıq mesajdır. Bu, gərginliyin daha da artacağını göstərən məsələdir. İnanıram ki, İran rəsmiləri bunu qəsdən edirlər. Azərbaycanın İranda səfirliyinin açılması məsələsi yubadılır, çünki orda Azərbaycan səfirliyinə qarşı terror aktı törətmiş cinayətkarın obyektiv məhkəməsi hələ başa çatmayıb. İran bir daha özünün Azərbaycana qarşı məkrli siyasətini ortaya qoyur. Bu da gələcəkdə vəziyyətin normallaşmasına mane olan amillərdəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31