Azərbaycana olan maraq günü-gündən artmaqdadır-Xəyal Bəşirov- ÖZƏL

"2-ci Qarabağ müharibəsində Azərbaycanın qələbə çalmasından sonra  Azərbaycana maraq artıb. Azərbaycan dövləti ilə müxtəlif istiqamətlərdə münasibətləri qurmaq, əməkdaşlıq etmək, layihələrdə  birgə iştirak etmək istəyən dövlətlərin sayı günü-gündən artmaqdadır."

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov vurğulayıb:

"Bura biz Mərkəzi Asiya ölkələri, Avropa İttifaqına aid olan Şərqi Avropa, Yaxın Şərq və Ərəb dövlətlərini aid edə bilərik. Bu kimi dövlətlərin həm coğrafi baxımdan miqyası günü-gündən genişlənməkdədir, həm də sayları artmaqdadır. Onlardan biri də BƏƏ-dir. 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycana marağı görürük. Avropa Şurasının prezidenti Şarl Mişelin, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin, Vucicin, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İraq, Misir, BƏƏ prezidentlərinin Azərbaycana səfərləri, eyni zamanda İlham Əliyevin Avropa ölkələrinə səfərləri, COP28-də BƏƏ-də iştirak etməsi və COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı razılığın əldə olunması bu dövlətlərin Azərbaycanın qələbəsini, ortaya qoyduqları yenilikləri qəbul etdiyini göstərir. BƏƏ-yə prezident İlham Əliyevin ən son səfəri, yüksək səviyyəli görüşlər keçirməsi, ümumilikdə bu tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasından xəbər verir. COP29-un Bakıda keçirilməsi möhtəşəm hadisədir. Prezident İlham Əliyevə istinadən bir müqayisə aparmaq istəyərdim. Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı mövqe bəlli olduqdan sonra ölkəyə qayıdandandan dərhal sonra müşavirə keçirdi. Həmin o müşavirə zamanı prezident İlham Əliyev COP29-un Bakıda keçirilməsi ilə bağlı mövqeyini bildirərkən belə bir müqayisə apardı ki, Avropa Oyunları ilk dəfə 2015-ci ildə Azərbaycanda keçirilib. Həmin o oyunlarda 5 min idmançıyla yanaşı 3 min turist iştirak edib. Təxminən 10 minə qədər insan Bakıya gəlmişdi, amma COP29-un tədbirində təxminən 70-80 min insanın Azərbaycana gələcəyi gözlənilir. Bu, o tədbirin möhtəşəmliyindən, əhəmiyyətindən, beynəlxalq səviyyədə keçirilən ən mötəbər, ən möhtəşəm və diqqət mərkəzində olan tədbirlərdən olmasından xəbər verir. Hesab edirəm ki, o tədbirin keçirilməsi və Azərbaycana belə marağın olması həm Azərbaycanın qələbəsi ilə bağlıdır, həm də eyni zamanda bilirik ki, BƏƏ karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətdir. Bir növ bu məsələdə Azərbaycanla eyni qəbilə aid dövlətlərdən biridir. Azərbaycan da karbohidrogen, neft, qaz yataqları ilə zəngindir. Neft, qazla zəngin olmaq heç də məsələnin həlli demək deyil. Bu həmin o dövlətə müsbət məqamlar gətirməklə, böyük imkanlar yaratmaqla yanaşı, eyni zamanda çətinliklər yaradır. Bu çətinliklər o dövlətlərin həmişə böyük gücələrin diqqət və marağında olması məsələsidir. 
Bu gün dünyada çox sayda dövlət var ki, neft, qaz yataqları ilə zəngindir, amma onlar öz məhsullarını sata bilmirlər. Dünya dövlətləri tərəfindən sanksiyalara məruz qalırlar. Ya o məhsulları sata bilmirlər, ya da çox ucuz, xərcini ödəmədiyi məbləğə satmağa məcbur olurlar. Neft və qaz məhsulları istismar edildikcə onların yığıldığı anbarlar dövri olaraq boşalmalıdır ki, növbəti məhsullar gəlsin. Neft, qaz yatağı daim istismar olunmalıdır, əks halda fəaliyyətini dayandırdıqda o, gələcəkdə istismar edilmək üçün yararsız vəziyyətə düşür. Onlar dövri qaydada satılmalıdır. 
Azərbaycan dövləti düzgün siyasət aparır. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında biz son 20 ildə çox uğurlu xarici siyasət, praqmatik diplomatiya yürüdürük. Bizə aid olan, böyük güclərin marağında olan münaqişənin həllinə nail olsaq da, digər tərəfdən özümünüz iqtisadi potensialımızı da gücləndiririk. Enerji resurslarımızı dünya bazarına istədiyimiz şəkildə çıxardırıq və istədiyimiz normal qiymətlər həddində satmağı bacarırıq. Düşünürəm ki, bu ondan xəbər verir ki, biz doğru siyasət yürüdürük. 
BƏƏ ilə bizim bu məsələlərdə əməkdaşlığımız var. Orta dəhliz bu gün Azərbaycan tərəfindən dünyaya təqdim edilən möhtəşəm təhlükəsizliyi sabit bir dəhlizdir. Bu dəhlizdən istifadə etmək üçün bir çox dövlətlər maraqlarını, təşəbbüslərini ortaya qoyublar. Düşünürəm ki, BƏƏ ilə Azərbaycan arasında bir sıra sahələrdə, təhlükəsizlik, enerji resursları, enerji resurslarının dünya bazarına çıxarılması, loqistika, iqlim dəyişikliyinə töhfə verməklə bağlı əməkdaşlıq təşəbbüsləri var. Eyni zamanda ənənəvi enerji resursları olan neft və qazdan başqa, alternativ bərpa olunan enerji resursları olan Günəş, külək enerjisi, su elektrik stansiyalatı, "Yaşıl enerji"nin istehsalı və dünya bazarına çıxarılması ilə bağlı addımlar atırıq. Ən son Qaradağda regionun ən böyük Günəş enerjisi istehsal edən "Masdar" şirkəti ilə Azərbaycanın əməkdaşlığını biz qeyd edə bilərik ki, artıq bu istifadəyə verilib. Növbəti belə obyektlərin tikintisi ilə bağlı əməkdaşlıq niyyətləri ortaya qoyuldu. 
Düşünürəm ki, bu əməkdaşlığımız həm BƏƏ-nin, həm də Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edir. Gələcəkdə bizim qarşılıqlı səfərlərimiz, əməkdaşlıqlarımız çox olacaq. Təbii ki, əgər ortada dövlət və dövlətçiliyin, xalqın maraqlarına xidmət edən siyasət varsa, hər iki tərəf bu istiqamətdə daha ciddi təşəbbüslər ortaya qoyub, bunları reallaşdıra bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31