Azərbaycanla BƏƏ arasındakı münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək-Sultan Zahidov- ÖZƏL
10 Yanvar 2024 13:10 Siyasət"Ötən gün BƏƏ prezidenti Şeyx Məhəmməd ibn Zayed Əl Nəhyan Azərbaycana səfərə gəlmiş və ölkə başçısı Prezident İlham Əliyevlə görüşmüşdür. "
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu görüş iki ölkə arasında münasibətlərin yülsək səviyyədə olmasının əyani sübutudur. Xatırlatmaq lazımdır ki, bu iki ölkə arasında həyata keçirilən ilk belə görüş deyildir. Ötən illərdə də həm Azərbaycan dövlət başçısı tərəfindən BƏƏ-nə, həm də qarşı tərəfdən Azərbaycana mütəmadi şəkildə səfərlər həyata keçirilib. Bu da iki ölkə arasında olan münasibətlərin, əməkdaşlığın kifayət qədər yüksək səviyyədə olmasından irəli gələn faktordur. Xatırlatmaq lazımdır ki, artıq uzun ilərdir Azərbaycan və BƏƏ ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, xidmət, "yaşıl enerji" və digər sahələrdə əməkdaşlıq etməkdədirlər. Əməkdaşlığın ən bariz nümunəsi kimi iqtisadi, ticari və investisiya sahəsində olan əməkdaşlığı misal çəkə bilərik. Hal-hazırda Azərbaycanda çalışan 350-dən çox şirkət məhz BƏƏ-dən qeydiyyatdan keçmiş şirkətlərdir. Bu şirkətlər müxtəlif sahələrdə Azərbaycanda fəliyyət göstərir, bura investisiya qoyurlar. Əməkdaşlığın daha bir nümunəsi kimi 2021-ci ildə BƏƏ-nin bütün dünyada bərpa olunan elektrik enerjisinin istehsalı üzrə ən məşhur şirkətlərindən olan Masdar şirkəti ilə Azərbaycan arasında "yaşıl enerji"sahəsində əməkdaşlıqla bağlı anlaşma imzalanmış və bu anlaşma çərçivəsində məhz Masdar tərəfindən Qaradağda 230MVt gücə sahib Günəş elektrik stansiyası tikilmişdir. Bu stansiya hal-hazırda fəaliyyətdədir. Nəinki regionun, bütün MDB məkanının ən böyük Günəş elektrik stansiyasıdır. Azərbaycan və Masdar arasında imzalanmış razılaşmalar Neftçalada, Biləsuvarda Günəş elektrik stansiyalarının, eyni zamanda da Abşeronda külək enerji stansiyalarının tikilməsini özündə ehtiva edir. Şeyx Məhəmməd ibn Zayed Əl Nəhyanın Azərbaycana ən son səfərindən sonra da artıq çox böyük sənədlər imzalandı. Bura ilk öncə strateji təərfdaşlıq haqqında anlaşma memorandumu, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi və BƏƏ-nin digər müvafiq qurumlar arasında imzaladığı razılaşmalar, eyni zamanda "yaşıl enerji" üzrə çərçivə müqaviləsi imzalanıb. Bütün bu razılaşma və sənədlər bir daha onu göstərir ki, istər ticari-iqtisadi, istər "yaşıl enerji" sahəsində əməkdaşlıq olsun, istər humanitar, mədəni, təhlükəsizlik sahəsində əməkdaşlıq, eyni zamanda siyasi əməkdaşlıq ölkələr arasında çox yüksək səviyyədədir. BƏƏ Azərbaycanı tanıyan ilk dövlətlərdən biridir. 19991-ci ilin dekabr ayında Azərbaycanı tanımış və o gündən bu günə müxtəlif platformalarda, BMT çərçivəsində, İƏT çərçivəsində daima Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərdən biri olmuşdur. Məhəmməd ibn Zayedin ən son səfəri onu göstərir ki, Azərbaycan BƏƏ arasındakı münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Əməkdaşlıq sferaları arasında düşünürəm ki, bundan sonrakı illərdə ən böyük prioritet məhz elə yaşıl enerji sahəsindəki əməkdaşlığa veriləcək. Biz bilirik ki, Azərbaycanda 2024-cü il artıq "Yaşıl dünya naminə həmrəylik ili" elan olundu, Azərbaycan COP29-a evsahibiyi edəcək və Azərbaycan COP28-in evsahibi BƏƏ-nin təcrübəsindən də sözsüz ki, faydalanacaqdır. Bu baxımdan iki ölkə arasında bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənməsi proqnozlaşdırıla bilər".