Hər iki tərəf əməkdaşlığı davam etdirməyə maraqlıdır-Fuad Şahbazov- ÖZƏL
10 Yanvar 2024 10:58 Siyasət"BƏƏ-nin dövlət başçısının Bakıya səfəri və imzalanan yeni silsilə memorandumlar onu deməyə əsas verir ki, Bakı ilə Əbu-Dabi arasındakı əməkdaşlıq artıq strateji səviyyəyə çatıb."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Fuad Şahbazov bildirib.
"Əsasən 2020-ci ildən sonra iki ölkə arasındakı münasibətlər, daha çox bərpa olunan enerji mənbələri və "Yaşıl enerji" sahələrindəki əməkdaşlıqlar gücləndi. Bunu labüd edən səbəblər var idi. Azad edilmiş Qarabağ ərazisinin enerji potensialı, yəni külək, Günəş və su mənbələrindən istifadə edərək alternativ enerji əldə etmək potensialı Azərbaycanı bir növ BƏƏ və ya Səudiyyə Ərəbistanı kimi aparıcı regional dövlətlərlə bu sahədə əməkdaşlıq və investisiya layihələrini həyata keçirməyə məcbur etdi. Bu baxımdan biz bu səfərdən görürük ki, BƏƏ özü də Azərbaycanla bu münasibətləri dərinləşdirməkdə maraqlıdır. İmzalanan memorandumlar da əsasən enerji sahəsinə vurğu edilib. Bu memorandumlardan biri onu ehtiva edir ki, BƏƏ Azərbaycan ərazisində əlavə Külək və Günəş enerji panelləri inşa edəcək və buna investisiya yatıracaq. Bir müddət əvvəl bununla bağlı müqavilə imzalanmışdı və Azərbaycanın Xızı rayonunda külək enerji panelləri qurulmuşdu. Bu layihənin uğurla icrasından sonra görünür ki, hər iki tərəf bu əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar. Uğurlu enerji əməkdaşlığı eyni zamanda iqtisadiyyat və turizm kimi sahələrdə də potensiyal əməkdaşlıq sahələrini özündə birləşdirir. İnanıram ki, yaxın zamanda Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı şəkildə turist sayınının artırılması ilə bağlı tədbirlər görüləcək. Düşünürəm ki, milli təhlükəsizliyin ortaq təsirləri nəzərə alınaraq, təhlükəsizlik sahəsində də Bakı ilə Əbu- Dabi arasında müəyyən mənada əməkdaşlıq çərçivəsi formalaşdırılacaq".