Bugünkü və bundan əvvəlki səfərlər münasibətlərin daha da dərinləşməsindən xəbər verir-Oqtay Qasımov- ÖZƏL
9 Yanvar 2024 21:01 Siyasət"Azərbaycanla BƏƏ arasında münasibətlər müstəqillik dönəmindən bəri yüksələn xətt üzrə davam etməkdədir. "
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bu münasibətlər xüsusilə, bir neçə ildə xeyli dərəcədə irəliləyib. Heç təsadüfi deyil ki, keçən il Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfəri baş tutdu. Bundan sonra orda keçirilən beynəlxalq tədbirdə də Azərbaycan Prezidenti iştirak etdi. Bu ölkənin rəhbərliyi ilə müxtəlif məsələlərlə bağlı yüksək səviyyəli dialoq aparıldı. Ölkələrimiz arasında münasibətlər çoxşaxəli və çoxistiqamətlidir. Ticarət, turizm, iqtisadiyyat olmaqla indiyə qədər əsas vektorlar bunlar idi. Azərbaycanla BƏƏ arasında xüsusilə, bərpa olunan enerji sahəsində ciddi əməkdaşlıq formatı yaranmışdır. Bu ölkənin ən böyük şirkətlərindən olan Massad şirkəti Azərbaycanda artıq Günəş və külək enerji stansiyaları ilə bağlı müxtəlif layihələr həyata keçirir. Oktyabr ayında Qaradağda iri bir stansiya istifadəyə verildi. Azərbaycanın müxtəlif bölgələrində bu istiqamətdə digər layihələr həyata keçiriləcək. Bundan başqa, iki ölkə iqlim dəyişiklikləri məsələsində ciddi əməkdaşlıq edir. Heç təsadüfi deyil ki, COP29-a sədrlik BƏƏ-dən Azərbaycana keçdi ki, bu da bizim ölkələrimiz arasındakı münasibətlərə müsbət yöndə təsir edən amillərdəndir. Bügünki yüksək səviyyəli görüşdə də tərəflərin strateji tərəfdaşlıqla bağlı verdiyi bəyanatlar, imzalanan sənədlər onu göstərir ki, bundan sonra da iki ölkə arasında olan münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək. BƏƏ Ərəbistan yarımadası körfəzində, o cümlədən, beynəlxalq səviyyədə nüfuslu ölkələrdən biri sayılır. Bu ölkə ciddi maliyyə mənbələrinə malik olmaqla donor qismində sərmayelər yatırmaqla məşqul olan bir ölkə kimi Azərbaycana, ümumiyyətlə, Güney Qafqaza ciddi maraq göstərir. Azərbaycanda qeyd etdiyimiz layihələr həyata keçirilir. Bugünkü səfər və bundan əvvəl də Azərbaycan Prezidentinin bu ölkəyə səfərləri qarşılıqlı münasibətlərin daha da dərinləşməsindən və bundan sonra da yüksələn xətt üzərə inkişaf edəcəyindən xəbər verir".