Bu anlaşma iki ölkənin münasibətlərinin inkişafında baza sənədi rolunu oynaya bilər - Elçin Xalidbəyli - ÖZƏL
9 Yanvar 2024 16:06 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan son illərdə Yaxın Şərq ölkələri, o cümlədən, ərəb dünyası ilə qarşılıqlı münasibətləri inkişaf etdirməyə çalışır. Bu istiqamətdə atılan addımların effektiv olduğu da artıq qətiyyən şübhə doğurmur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib.
"Xüsusilə də, rəsmi Bakının müxtəlif ərəb ölkələri ilə siyasi-diplomatik münasibətləri ən yüksək səviyyəyə çatdırması Azərbaycanın beynəlxalq məkanda mövqeyini də möhkəmləndirir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın qarşılıqlı münasibətləri inkişaf etdirdiyi ərəb ölkələri olduqca zəngin, geniş maliyyə resurslarına malik dövlətlərdir. Rəsmi Bakın bu ölkələrdən Azərbaycana sərmayə cəlb etməsi indiki dövrdə böyük önəm daşıyır. Xüsusilə də, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı prosesdə ərəb sərmayəsinin böyük əksəriyyəti ola bilər.
Bütün bunları nəzərə aldıqda, Azərbaycanın ərəb dünyasının ən önəmli dövlətlərindən biri olan BƏƏ ilə ikitərəfli münasibətləri ən yüksək səviyyəyə çatdırmaq istiqamətində atdığı addımlar yaxın gələcəkdə öz bəhrəsini verməyə başlayacaq. Azərbaycan və BƏƏ arasında imzalanmış strateji tərəfdaşlıq barədə anlaşma iki ölkənin münasibətlərinin inkişafında baza sənədi rolunu oynaya bilər. Rəsmi Bakının BƏƏ-də daxil olmaqla, bütün ərəb ölkələri ilə iqtisadi-ticari münasibətləri inkişaf etdirmək cəhdləri Azərbaycanın gələcək taleyi baxımından da doğru taktikadır. Ərəb sərmayəsi Azərbaycanın strateji hədəflərinin reallaşdırılmasında önəmli rol oynaya bilər",- deyə o, əlavə edib.