"Heydər Əliyev" ili qürur hissi ilə qeyd edildi - ÖZƏL
9 Yanvar 2024 13:44 Siyasət"2023-cü ilin mühüm hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası oldu. Dövlətimizin başçısı İlham Əliyev müraciətində ilk olaraq bu uğurumuzu diqqətə çatdırdı". Olaylar xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev deyib:
"Son üç ildə Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərsə də, Ermənistan müxtəlif bəhanələrlə yayındı. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Ermənistanın havadarlarının dəstəyinə arxalanması diqqətdən kənarda qalmır. 44 günlük İkinci Qarabağ müharibəsindən nəticə çxarmayan Ermənistan hərbi təxribatlarını davam etdirdi. Azərbaycan dövləti, xalqı belə bir vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" olduğunu önə çəkərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir".