Makron Fransanın "ən yaxşı pisi"dir - Əli Zülfüqaroğlu - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Makronun siyasi karyerasına nəzər salsaq, görərik ki, o, ilk dəfə Fransada prezident seçiləndə 5 namizəd arasında ən zəifi olub. Sadəcə digər namizədlər Makronun sahibləri tərəfindən sıradan çıxarılıb və Makron prezident seçilib. Ona görə də Makron Fransa dövlətinin və xalqının deyil, məhz qlobal oliqarxiyanın təmsilçilərindən olan sahiblərinin əmrlərini icra etməklə məşğuldur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib: 

"Fransa Makronun hakimiyyəti dönəmində çox ciddi şəkildə nüfuzunu itirib və öz mövqelərini itirməkdə davam edir. Makronun öz aqibətindən yaranan narahatlığı onun müxtəlif dövlətlərə, eyni zamanda Azərbaycana qarşı da daha aqressiv siyasət yürütməsinə gətirib çıxarır. Bu da eyni zamanda Makronun daha çox səhv etməsinə səbəb olur. Azərbaycana qarşı sərgilədiyi mövqe də buna misal ola bilər. Eyni zamanda Afrikada dayaqlarının itirilməsi, Fransanın müstəmləkə dövlətlərindən rüsvayçı şəkildə qovulması məhz Makronun dövrünə təsadüf edir. Azərbaycana qarşı etdiyi təzyiqlər də heç bir nəticə vermədi və Azərbaycanın atdığı addımlar nəticəsində Fransanın kəşfiyyat şəbəkəsi ifşa olundu. Bu Makron Fransasının növbəti dəfə dünyada rüsvay olmasına gətirib çıxartdı. Bütün bu faktorları nəzərə alsaq, biz, Makronun Fransa tarixində ən uğursuz siyasətçi olduğunu deyə bilərik. Bunun nəticəsi olaraq müxtəlif zamanlarda Makrona qarşı xalqın sadə nümayəndələrinin sərgilədiyi mövqe, ona qarşı hörmətsiz münasibət, yumurta atəşinə tutulması, hücumlara məruz qalması Makronun fransız cəmiyyətində hansı səviyyədə qarşılandığını göstərir. Eyni zamanda biz, "sarı jiletlilər" hərəkatından sonra Fransada Makronun reytinqinin sıfıra bərabər olduğunu müşahidə etdik. Bundan sonra Fransada daha radikal siyasi mövqe sərgiləyən namizədi ona görə Makrona rəqib etdilər ki, əhali sağçı düşüncəni qəbul etmədiyi üçün Makrona, yəni ən yaxşı pisə səs versin. Əslində Makronun rəqibi Makronun seçilməsi üçün hər şeyi etdi. Bu da onun sahiblərinin növbəti oyunu idi. İstənilən halda Makron dünya tarixində ən rüsvayçı liderlərdən biridir. Hazırkı postu onun potensialına, səviyyəsinə və xarakterinə uyğun deyil. Gec-tez Makron siyasətdən gedəcək, amma Makronun timsalında Fransanın dünya çapında enişə keçməsi, dünyanın müxtəlif nöqtələrində mövqelərini əldən verməsi artıq müşahidə olunur. Bu isə Fransanın yaxın 5-10 ildən sonra əvvəlki mövqeyində olmayacağını, regional dövlətə çevriləcəyini deməyə əsas verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31