Makron hakimiyyəti Fransa tarixində ən pis hakimiyyətlərdən biri kimi yadda qalacaq - Anar Əliyev - ÖZƏL

"Emmanuel Makron prezident seçilərkən ümidlər formalaşmışdı ki, Sarkozy və Ollanddan sonra gənc bir kadrın rəhbərliyi altında Fransa dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi beynəlxalq hüququn prinsiplərinə zidd davranışlara korrektlər etməklə dövlətin imicinə vurulmuş zərbələri və zədələri bərpa etməyə çalışacaqdır. "

Bu fikirləri politoloq Anar Əliyev Olaylar.az-a olan açıqlamasında bildirib:

"Xüsusilə də Afrika qitəsində və Orta Şərqdə, eləcə də Cənubi Qafqazdakı davranışları Fransa dövlətinin nüfusuna və imicinə zərbə ola biləcək addımları daha korrekt olacaqdır, daha düşünülmüş şəkildə həyata keçiriləcəkdir. Xüsusilə də Fransa prezidenti və Fransanın rəsmi xarici siyasəti erməni lobbi, diaspor təşkilatlarının təsiri altından çıxacaqdır. İlk predizentlik dövründə bu istiqamətdə müəyyən addımlar atılsa, cəhdlər edilsə də, təəssüf ki, ikinci dönəm prezident seçkilərindən sonra biz Makron siyasətinin əsl mahiyyətini daha dəqiq konturlarla görməyə başladıq. Əslində, Makron ilk prezidentlik dövründə də heç də səmimi olaraq Fransa dövlətinin, xalqının maraqlarına xidmət edən davranışlar nümayiş etdirmirmiş. Onun fəaliyyətində prioritet istiqamət heç də beynəlxalq hüququn prinsipləri deyilmiş. Makronun ilk hakimiyyəti dövründən başlayaraq bu günə qədər də xarici siyasəti yenə də erməni diaspor təşkilatlarının təsiri altında imiş. Bunu biz artıq tarixin arxivinə atılmış  Fransanın ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsilə bağlı fəaliyyətində də müşahidə edirdik. Amma 2020-ci ildə Azərbaycanın ortaya qoyduğu qətiyyətli iradədən, Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar Fransanı örtülü, bir qədər gizli fəaliyyətini açıq-aşkar həyata keçirməsinə məcbur etdi. Baş verənlər onu göstərdi ki, çox təəssüf ki, Makron hakimiyyəti dövründə də Fransa dövləti özünün neoimperialist iddialarından əl çəkmir. Məhz yarıtmaz dövlət rəhbərliyinin, yarıtmaz idarəetmənin nəticəsində Fransa dövlətinin beynəlxalq imicinə kifayət qədər ciddi zərbələr vuruldu. Fransanın tarixi müstəmləkələri, koloniyaları kimi qiymətləndirilən Afrika qitəsində çox böyük zərbələr aldı. Bir çox dövlətlərdə Fransanın müstəmləkəçiliyindən, nəzarətindən uzaqlaşmaq, müstəqilliklə bağlı cəhdlər, addımlar atıldı. Eyni zamanda, biz Fransanın Cənubi Qafqazdakı aqressiv və beynəlxalq hüququn prinsiplərinə zidd davranışlarını müşahidə etdik. Vətən müharibəsindən sonra Ermənistanın kapitulyasiya sənədi imzaladığı halda Fransa senatı 2020-ci ilin noyabr ayında "Dağlıq Qarabağ Respublikası"-nın tanınması ilə bağlı qərar qəbul etdi və hökumətə çağırış ünvanladı. Eyni zamanda, münasibətlərin tənzimlənməsinə mümkün qədər zərbələr vurmaqla Ermənistanla Azərbaycan arasında münaqişə mühitini qoruyub saxlamaq və bununla da bölgəyə təsir imkanlarını genişləndirməyə cəhdlərini müşahidə etdik. Fransanın Makron hakimiyyəti dövründə öz müttəfiqləri ilə də münasibətlərinin gərginləşdiyini müşahidə etdik. Məhz bunun nəticəsidir ki, 2021-ci ilin avqust ayında Makron siyasi savadsızlıq təcrübəsini nümayiş etdirərək NATO beyin ölümü keçirir kimi ifadələr işlətdi. Buna cavab, əks zərbə olaraq ABŞ, Fransa və Avstraliya arasında imzalanmış 90 milyardlıq razılaşmaları ləğv edəcək Avqust razılaşması imzalandı. Hesab edirəm ki, bu NATO müttəfiqlərinin Fransanın, Makronun belə çılğın, əsassız, qeyri-ciddi bəyanatına bir cavab idi. Eyni zamanda biz Makron hakimiyyəti dövründə həm də ölkə daxilində ciddi narazılıqların yarandığını müşahidə etdik. "Sarı jiletlilər" hərəkatı formalaşdı. Çox təəssüf ki, minlərlə etirazçı həbs olundu, işgəncələrə məruz qaldı, onlarla etirazçı sərt rəftarın nəticəsi olaraq həyatlarından məhrum oldu, qətlə yetirildi. Xalqını dinləmək, onları narazı salan səbəbləri aradan qaldırmaq əvəzinə Makron hakimiyyəti dövründə həmkarlar ittifaqlarına qarşı, azgəlirli insanlara qarşı, aksiya iştirakçılarına qarşı ən sərt formada davranışlar nümayiş etdirdi. Bütün bunlar isə bir daha ümumiləşdirərək onu deməyə imkan verir ki, Fransa siyasətində, Fransanın müstəqillik dövründə ən yarıtmaz, ən zəif, ən səriştəsiz prezident kimi tarixə düşəcək məhz Makron oldu. Bu bir daha onu sübut etdi ki, siyasət təcrübə laboratoriyası deyil, ekspetimentlər aparmaq üçün platforma deyil və məhz gənclik dövründə çox ciddi travmalar alan siyasətdə yetişməmiş, püxtələşməmiş, təcrübəsiz bir şəxsin hakimiyyətə gəlməsi, prezident səlahiyyətlərini ələ keçirməsi Fransa kimi dövlətlərin beynəlxalq səviyyədə nüfusuna və eyni zamanda, ölkə daxilində narazılıqların artmasına çox ciddi səbəb olur. Avropanın ikinci, dünyanın isə beşinci iqtisadiyyatına sahib olan Fransa dövlətində çox ciddi geriləmələr müşahidə olunmaqdadır. Məhz Makron hakimiyyəti dövründə Fransanın həm xarici ticarəti, xüsusilə də sənaye istehsalı kəskin şəkildə azaldı. Fransa iqtisadiyyatındakı vaxtilə mövcud olan artım dinamikası zəiflədi. Nəticə etibarilə Fransanın dünyanın ayrı-ayrı bölgələrində, xüsusilə də Afrikada özünün dövlət maraqlarını təmin etmək üçün zəruri xərclərini formalaşdırmaq imkanları məhdudlaşdı. Nəticədə Fransada qiymət artımları, inflyasiya özünün ən yüksək pik həddinə çatdı. Bütün bunlar isə onu göstərdi ki, bəli, Makron hakimiyyəti Fransa tarixində ən pis hakimiyyətlərdən biri kimi yadda qalacaq və bu hakimiyyət Fransa xalqı üçün bir dərs olacaq ki, dövlətini, xalqını hansısa qrupların, diaspor təşkilatlarının ayırdığı çirkin vəsaitlərə qurban verən şəxslərin hakimiyyətə gətirilməsi yalnız və yalnız həmin dövlətin, xalqın növbəti problemlərinə, bəlalarına səbəb olacaqdır. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31