Fransa prezidenti istefa verməli idi, amma…-Elşad Həsənov -ÖZƏL
8 Yanvar 2024 19:59 Siyasət"Fransa kimi böyük bir dövlət, BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri Fransa son illər, xüsusilə də Makronun hakimiyyəti dövründə geriləməyə başlayıb."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov qeyd edib:
"Makronun apardığı səhv, o cümlədən düz olmayan siyasət nəticəsində onun siyasəti bir-birinin ardınca bir çox ölkələrdə tənəzzülə uğrayır. Bu ona görədir ki, son illər Azərbaycana qarşı apardığı birtərəfli qarayaxma kompaniyası, Azərbaycan məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırması və buna nail ola bilməməsi, Ermənistanın nahaq işini müdafiə etməsi və Azərbaycanın haqq işinə qarşı olması dünya ictimaiəti, o cümlədən fransız politoloqları, siyasiləri tərəfindən də narazılıqla qarşılanır. Emmanuel Makronun idarəetməsi də onun nahaqın yanında olduğunu göstərir. Makron 2-ci dəfə prezident seçiləndə Fransada olan Erməni Daşnaksutyun Partiyasının fəal üzvüləri Muradyanın və ermənilərin ianəsindən, pullarından istifadə edərək hakimiyyətə gəldi. Ona görə də bir tərəfli qaydada Ermənistanı dəstəkləyir. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv 5 ölkədən biridir, 28 il ATƏT-in MİNSK qrupunun həmsədri olub, amma həmişə qeyri-obyektiv mövqedə çıxış edərək heç nəyə nail olmayıb. Son illər Azərbaycana qarşı apardığı düzgün olmayan siyasət, Azərbaycana qarşı sərgilədiyi qərezli mövqeyə görə Azərbaycan da ona adekvat cavablar verdi. Azərbaycanın apardığı siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatının sədri olduğu dövrdə Fransanın müstəmləkəçilik siyasəti ifşa olundu. Artıq Afrikanın 14 ölkəsindən Fransa çıxarılır. Fransanın Azərbaycanda apardığı düzgün olmayan siyasətə ən güclü zərbə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən möhtəşəm şəkildə keçirilən əməliyyat oldu. Fransanın Azərbaycandakı səfirliyində diplomat pərdəsi altında fəaliyyət göstərən kəşfiyyatçıları ifşa olundu və onlar "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilərək Azərbaycandan çıxarıldılar. Eyni zamanda xüsusi xidmət orqanları tarixində ilk dəfə olaraq Fransanın böyük agentura şəbəkəsi məhz Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən ifşa olundu. Onların agentura şəbəkəsi nəinki Azərbaycanda, eyni zamanda Gürcüstan, Ukrayna, Moldova, Şərqi Avropa, Şərqi Asiya, Afrika ölkələrində ifşa olundu. Bundan sonra Fransa prezidenti istefa verməli idi, amma o, Fransanın xarici kəşfiyyat idarəsinin rəisini istefaya göndərdi. Son günlərdə isə Fransanın Baş nazirinin istefaya göndərilməsi də onun özünün apardığı yarıtmaz siyasətinin nəticəsidir. Fransız politoloqlar düz deyirlər ki, onun idarəetmə sistemində və siyasətində Fransanın siyasətində, böyük dövlət olaraq inkişafında heç bir rol oynaya bilmir. Əksinə ölkəni geriyə aparmağı göz önündədir. Fransada narazılıqlar başlayıb, sabitlik artıq pozulub. Hesab edirəm ki, yaxın zamanlarda Makronun hakimiyyətdə qalması məsələsi fransızlar tərəfindən həll olunacaq."