Fransızlar onu nə qədər tez yola salsalar… - Əli Mustafa - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Makronun yürütdüyü siyasət  kifayət qədər ziddiyyətli siyasətdir. Buna siyasət, Makrona da siyasətçi demək əslində doğru deyil."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"O, ciddi siyasi təcrübəsi və səriştəsi olmayan, amma çox qısa müddətdə karyera sahibi olan bir adamdır. Makronun Fransada çox böyük güclərin, kürəsəl maliyyəçilərin dəstəyi ilə hakimiyyətə gəldiyi bildirilir. Fransada formalaşan siyasi bir elita var. Solçuların, sağçıların müəyyən formalaşmış çevrəsi var. Makron bu çevrədə olmayıb. O, siyasətə sanki təsadüfən gəlib, yüksəlib və müəyyən mücərrəd güclərin dəstəyi ilə də prezident vəzifəsinə gəlib. Artıq 2-ci dəfədir vəzifədədir. Anlaşılan odur ki, Makron hakimiyyətdə olduğu müddətdə Fransanın 10 illiklərlə formalaşan siyasi prioritetlərini darmadağın edib, strateji maraqlarını qoruya bilməyib. Ciddi uğursuzluqlara imza atıb, Fransada çox ciddi geriləmələr var. Bir çox region, bölgələrdəki maraq dairələri Fransanın əlindən çıxıb. Afrikaya nəzər salanda bunu görürük. Avropa və Asiyada da eyni şeylər yaşanır. Anlaşılan odur ki, Makron kifayət qədər təcrübəsiz və səriştəsiz bir siyasətçi, dövlət xadimidir. Artıq Fransa cəmiyyəti də bunun fərqindədir. Mənə elə gəlir ki, getdikcə bu fərqli səslər daha gur çıxmağa başlayacaq. Onun Fransa, eləcə də dünya üçün zərərli bir faktor olduğu məsələsi daha israrla deyiləcək. Onun Azərbaycana olan münasibəti də bizi qane etmir, bizə olan münasibətində yetəri qədər qüsurları olub. Əminliklə deyə bilərəm ki, o fransız xalqının milli maraqlarına da düzgün xidmət etmir, əksinə zərbələr vurur. Bir gün fransız xalqı onu hakimiyyətdən uzaqlaşdıracaq. O, həmçinin Avropa məkanındakı müttəfiqləri ilə münasibətdə də çox sabit qədəmi olmayan siyasət yeridib. İstər Rusiyaya, istər Çinə münasibətdə zaman-zaman dəyişən, bir-birinə zidd mövqelər ortaya qoyubdur. Bir daha xatırladım ki, o Fransa dövlətinə, fransız xalqının milli maraqlarına çox ciddi zərbələr vurub. Çox uğursuz siyasət aparır və fransızlar onu nə qədər tez yola salsalar, bu özləri üçün bir o qədər çox faydalı olar."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31