ABŞ dünya ölkələrini şantaj etmək üçün belə model uydurub-Elçin Xalidbəyli- ÖZƏL
7 Yanvar 2024 15:45 Siyasət"ABŞ hər il müxtəlif sahələr üzrə müəyyən hesabatlar hazırlayır. Həmin hesabatları dünya ölkələrində mövcud olan vəziyyətin təsviri kimi təqdim etməyə çalışır."
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Əslindəsə, Ağ Evin hazırlayıb, yaydığı illik hesabatlar birmənalı şəkildə siyasi şantaj məzmunu daşıyır. Yəni, ABŞ dünya ölkələrini şantaj etmək üçün belə bir model uydurub.
Təbii ki, Ağ Evin maraqlarına xidmət edən ölkələr barədə hesabatlar pozitiv məzmun daşıyır. ABŞ-a itaət etməyən, müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı isə neqativ məzmunlu iddialarla böhran atılır.
Təbii ki, ABŞ-ın dünya ölkələri barədə hesabatlar hazırlayıb, yaymaq kimi bir səlahiyyəti yoxdur. Bu "səlahiyyətləri" Ağ Ev ABŞ üçün uydurub. ABŞ BMT və ya hər hansı başqa beynəlxalq qurum deyil və dünya ölkələrinə irad bildirmək hüququ yoxdur.
Eyni məntiqlə dünya ölkələri də ABŞ haqqında illik hesabatlar hazırlaya bilərlər. Üstəlik, həmin hesabatlar ABŞ üçün qətiyyən pozitiv məzmun daşımaz. İrqçiliyin hökm sürdüyü, demokratiya və insan haqları anlayışının yalnız zəngin təbəqələr üçün işlədiyi, polisin küçədə qara dərili vətəndaşları güllələyib, qətlə yetirdiyi ABŞ-ın başqa ölkələrə irad bildirməsi absurd yanaşmadır. Və siyasi şantaj məqsədi güdür."