Makron Fransanın dünyadakı dayaqlarına ciddi zərbələr vurur-Sahil Kərimli- ÖZƏL

"Fransa Prezidenti Emmanuel Makronun son illər yürütdüyü siyasət Fransa dövlətinin imicinə çox böyük zərbələr vurdu. İstər daxili, istər xarici siyasət baxımından Makron kifayət qədər Fransanın imicini korladı, beynəlxalq aləmdəki nüfuzuna çox ciddi zərər gətirdi."

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Fransa qeyri-müəyyən siyasət yürütməklə, həm müstəmləkə, həm işğalçılıq siyasətini dəstəkləməklə həmişəki mənfi aurasını qoruyub, saxladı. Makron hakimiyyəti illərində bu özünü daha açıq şəkildə, həyasızcasına biruzə verməkdədir. Uzaq ölkələrin, min kilometrlərlə uzaqda yerləşən ölkələrin daxili işlərinə qarışmaq, hətta biz burada Azərbaycanın yerləşdiyi bölgəyə-Cənubi Qafqaza Fransanın nüfuz etmək siyasətini də qeyd edə bilərik. Bütün bunlar Makronun düzgün olmayan siyasətinin nəticəsidir. Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi maneələr törətmək, ciddi zərbələr yaratmaq, hətta işğalçılıqla məşğul olan, bütün dünyada işğalçılığın simvolu kimi tanınmış Ermənistanı uzun illər dəstəkləmək Fransa kimi böyük dövlətin nüfuzunu sarsıdan amillərdən biri idi. Biz son aylarda bunun əyani şəkildə şahidi oluruq. 
Bu gün Fransanın daxilində də Emmanuel Makronun nüfuzu çox aşağı səviyyədədir. Hətta fransalı politoloqlar artıq Makronla bağlı birmənalı olmayan tənqidi fikirlər səsləndirirlər. Onun bir siyasətçi və şəxsiyyət kimi çox aşağı keyfiyyətlərə malik olduğunu vurğulayırlar. Təbii ki, Fransa kimi bir ölkənin bu səviyyədə prezidentinin olması heç də yaxşı şeylər vəd etmir. Fransanın dünyadakı dayaqlarına ciddi zərbələr vurur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31