Azərbaycan 2024-cü ildə daha güclü və daha nüfuzlu dövlətə çevriləcək- ÖZƏL
7 Yanvar 2024 11:31 Siyasət"Ölkəmizin 2024-cü ildə daha güclü və daha nüfuzlu bir dövlətə çevriləcəyi şübhə doğurmur. Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilmişdir. Azərbaycan şəhərlərini, kəndlərini yenidən qurur və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Cənab Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq qeyd etdi ki, 2024-cü ildə daha bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək: "Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Dekabr ayında bütün dünya ölkələrinin qəbul etdikləri yekdil qərara əsasən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. COP 29 beynəlxalq konfransının Bakıda keçirilməsinə dair qərar qəbul etməklə dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərmişlər. Möhtərəm dövlət başçımızın dediyi kimi, ölkəmizin imzaladığı kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə ölkəmizin uğurlarını əyani şəkildə sübut edir".