Bu cür saxta hesabatların Azərbaycan dövləti və xalqına zərrə qədər də təsiri ola bilməz- Alim Hüseynli -ÖZƏL
7 Yanvar 2024 11:03 SiyasətABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat yayıb. Hesabatda Azərbaycana qarşı yoxlanılmamış kifayət qədər qərəzli məlumatlar əksini tapıb. Üstəlik ABŞ dövlət katibi Antoni Blinken Azərbaycanı "dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına" daxil etdiklərini bəyan edib. Məlumat üçün qeyd edək ki, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında da Azərbaycan iki iddia ilə ittiham olunur. Belə ki, sənəddə Qarabağda xristian dini irsinin qorunmadığı, erməni əhalisinin hüquqlarının pozulduğu iddia edilir və Azərbaycanda İrana bağlı şəbəkəyə (Müsəlman Birliyi, "Hüseyniyyun" qruplaşmasının tərəfdarları) qarşı keçirilən əməliyyatlar dini etiqad azadlığının pozulması kimi qeyd olunur, həbs edilən İran casusları "vicdan məhbusu" adlandırılır.
Siyasi şərhçi Alim Hüseynli "Olaylar"a bildirib ki, illərdir ki, dövlətləri təsir altına salmaq üçün beynəlxalq güc mərkəzlərinin istifadə etdikləri "hesabat" texnologiyası bu il də davam etdirilməkdədir: "Çox təssüf ki, siyasi, ideoloyi və mənəvi təzyiq vasitəsi kimi istifadə edilən bu texnologiya saxta ittiham, şər və böhtan üzərində qurulub. Müxtəlif maraqlı qruplar tərəfindən hazırlanaraq təqdim edilən bu tipli qərəzli hesabatlar şübhəsiz ki, onu öz adından yayan dövlətlərin imicini sarsıdır, onların adına xələl gətirir. Buna baxmayaraq, saxta, yalan, uydurma dolu hesabatlar nəinki dövlət, hətta konkret olaraq dövlət rəsmiləri adından yayımlanır. Təkcə bu fakt "illik hesabatların" hansı məqsədə xidmət etdiyini, oların inkişaf etməkdə olan, eləcə də Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərə qarşı məkirli niyyətlərini ortaya qoyur. Elə ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatı da eyni məqsədə xidmət edir".
Onun sözlərinə görə, hesabatın Azərbaycanla bağlı bölməsində olduqca qərəzli və ikili standartları ehtiva edən məlumatlar əksini tapıb: "Maraqlı məqam ondan ibarətdir ki, 30 illik işğal dövründə Azərbaycanın dini abidələri tamamilə yerlə-yeksan ediləndə, Qarabağdakı məscidlərimizdə donuz saxlanılanda ABŞ Dövlət Departamenti susqunluq nümayiş etdirirdi. İndi isə giya Qarabağdan gedən ermənilərin dini hüquqlarının pozulması nədənsə Dövlət Departamentini narahat edir. Təkcə bu fakt hesabatın nə qədər şübhəli olduğunu ortaya qoyur.
Əslində sözügedəh hesabat ABŞ dövlətinin xarici siyasətinin mahiyyətini ortaya qoyur. Nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamenti ABŞ Prezidentinin Kabinetinə daxildir. Deməli, sözügedən rəsmi hesabatı ABŞ-ın dövlət mövqeyi kimi qəbul etmək olar. Ancaq ABŞ rəsmiləri bilməlidir ki, hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir. Dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur. Əksinə, bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına məhz ABŞ səbəkardır. Sirr deyil ki, dünyada dini, irqi ayrıseçkiliyə görə ən çox tənqid edilən ölkə elə Birləşmiş Ştatların özüdür. Azərbaycan isə ABŞ-dan fərqli olaraq dünyada tolerant, multikultural dəyərlər sadiq ölkə kimi tanınıb".
A.Hüseynli qeyd edib ki, digər bir məqam isə hesabatın ermənilır tərəfindən tərtib olunmasıdır ki, bu da Dövlət Departamenti kimi xarici siyasət idarəsinin erməni lobbisinin təsiri altına düşməsi anlamına dəlalət edir: "Hesabatın Azərbaycana aid olan hissəsinin dövlət komissiyasının rəhbəıri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırıanması bu faktı bir daha təsdiqləmiş olur. Üstəlik, hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və sair kimi məlumatların daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir.Bütün sadalananlara baxmayaraq bu cür saxta hesabatların Azərbaycan dövləti və xalqına zərrə qədər də təsiri ola bilməz. Şübhə yoxdur ki, Azərbaycan dövləti bundan sonra da öz müstəqil siyasətini dövlət və milli maraqlara uyğun quracaq".